AZƏRBAYCAN HÖKUMƏT NÜMAYƏNDƏ HEYƏTİNİN SVERDLOVSK VİLAYƏTİNƏ SƏFƏRİ
Xəbər verdiyimiz kimi, Azərbaycanın baş naziri Artur Rasizadənin rəhbərliyi ilə respublikamızın hökumət nümayəndə heyəti iyulun 8-dən 11-dək Sverdlovsk vilayətində işgüzar səfərdə olmuşdur. Nümayəndə heyətinə baş nazirin birinci müavini Abbas Abbasov, müdafiə naziri, general-polkovnik Səfər Əbiyev və digər şəxslər daxil idilər.
Yekaterinburqun “Koltsovo” hava limanında Azərbaycanın baş nazirini və onu müşayiət edən şəxsləri Sverdlovsk vilayəti hökumətinin sədri Aleksey Vorobyov, vilayətin sahə nazirliklərinin rəhbərləri, habelə Azərbaycan diasporunun nümayəndələri qarşıladılar.
Həmin gün axşam Sverdlovsk vilayətinin qubernatoru Eduard Dossel hökumət nümayəndə heyətinin üzvlərini qəbul etdi. Baş nazir Artur Rasizadə ilə vilayətin qubernatoru Eduard Rossel arasında keçirilmiş qısa söhbət zamanı nümayəndə heyətinin səfər proqramı müzakirə olundu.
İyulun 9-da Azərbaycanın hökumət nümayəndə heyəti Nijni Tagildə, “Staratel” poliqonunda keçirilən “Russian Expo Arms-2002” silah, hərbi texnika və döyüş sursatı beynəlxalq sərgisinin açılış mərasimində iştirak etdi.
Açılış mərasimində Rusiya hökumətinin sədri Mixail Kasyanovun təbriki oxundu, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Sergey Mironov, Rusiya Dövlət Dumasının nümayəndələri çıxış etdilər.
Azərbaycan nümayəndə heyətinin üzvləri Rusiyanın ən iri hərbi texnika və silah istehsalçılarının sərgidə nümayiş etdirilən məhsulları ilə tanış oldular. T-72 M-1 və T-92 döyüş maşınları, habelə “Qrad” və “Smerç” zenit-raket qurğuları sərginin açılışında iştirak edən 40-dək ölkənin nümayəndələrində böyük maraq doğurdu. Qubernator Eduard Rossel fasilə zamanı təşkil olunmuş ziyafətdə çıxış edərək, tədbirə baş nazir və müdafiə naziri səviyyəsində Azərbaycanın hökumət nümayəndə heyətinin də gəldiyini bildirdi.
İyulun 10-da baş nazir Artur Rasizadənin rəhbərliyi ilə Azərbaycan hökumət nümayəndə heyətinin Sverdlovsk vilayəti hökumətinin sədri Aleksey Vorobyovla görüşü keçirildi.
Aleksey Vorobyov nümayəndə heyətinin üzvlərini səmimiyyətlə salamlayaraq, bu səfərin qarşılıqlı surətdə faydalı iqtisadi münasibətlərin inkişafına yeni təkan verəcəyini vurğuladı. O bildirdi ki, 2001-ci ilin yekunlarına görə, Sverdlovks vilayətinin Azərbaycanla əmtəə dövriyyəsi 7 milyon dollar təşkil etmişdir. Bu isə MDB ölkələri arasında yeddinci yer deməkdir. 2002-ci ilin birinci rübündə ticarətin həcmi əvvəlki ilin səviyyəsi ilə müqayisədə kəskin surətdə, təxminən 5 dəfə artmışdır. Özü də artım ixrac üzrə 844 faiz, idxal üzrə 156 faiz olmuşdur.
Artur Rasizadə qonaqpərvərliyə görə vilayət hökumətinin sədrinə təşəkkürünü bildirərək dedi ki, iqtisadi münasibətlərin daha da inkişaf etməsi üçün imkanlar tükənməyibdir. Buna Azərbaycan Prezidenti Heydər Əliyevin və Rusiya dövlətinin başçısı Vladimir Putinin ikitərəfli əlaqələrin yaxşılaşması üçün göstərdiyi səylər təkan verir. Bu əlaqələr artıq strateji tərəfdaşlığa çevrilmişdir.
Sonra Artur Rasizadə ölkəmizdə uğurla aparılan iqtisadi islahatlardan ətraflı söhbət açaraq vurğuladı ki, bu islahatlar nəticəsində Azərbaycanın valyuta ehtiyatları 1 milyard 200 milyon dollara çatmışdır. Xəzərdəki neft yataqlarının işlənməsi üçün 30 şirkətlə 24 müqavilə imzalanmış, sərmayələrin məbləği isə 6 milyard dollardan artıq olmuşdur.
Görüşdə Sverdlovsk vilayətindəki iri müəssisələrin rəhbərləri çıxış edərək, buraxdıqları məhsullar barədə məlumat verdilər, əmtəə dövriyyəsini genişləndirməyə dair konkret təkliflər də irəli sürdülər. Məsələn, qeyd olundu ki, yaxın vaxtlarda Bakıda Yekaterinburqun, Yekaterinburqda isə Bakının ticarət evlərinin açılması iqtisadi əlaqələri möhkəmlətmək üçün geniş imkanlar yaradacaqdır.
Vilayətin sahə nazirliklərinin başçıları çıxışlarında Azərbaycanla ticarət münasibətlərində qazanılmış uğurlardan, bunların daha da möhkəmləndirilməsi perspektivlərindən danışdılar. Nəzərə çarpdırıldı ki, Sverdlovsk vilayəti ilə Azərbaycan arasında intensiv əməkdaşlığın bünövrəsi 2000-ci il mayın 16-17-də, vilayət nümayəndə heyətinin Bakıya səfəri zamanı qoyulmuşdur.
Azərbaycan Prezidenti Heydər Əliyev vilayətin qubernatoru Eduard Rosseli qəbul etdikdən sonra Sverdlovsk vilayətinin və respublikamızın hökumətləri arasında 2001-2004-cü illər üçün ticarət-iqtisadi, elmi və mədəni əməkdaşlıq haqqında saziş imzalanmışdı. İyulun 10-da Azərbaycanın baş naziri Artur Rasizadənin və Sverdlovsk vilayətinin qubernatoru Eduard Rosselin həmin sazişə dair imzaladıqları Protokol qarşılıqlı surətdə faydalı münasibətlərin daha da inkişaf etdirilməsi tədbirlərini konkretləşdirir. Yekaterinburqun Bakıda və respublikamızın paytaxtının Sverdlovsk vilayətinin inzibati mərkəzində ticarət evlərinin yaradılması yolu ilə əmtəə dövriyyəsini genişləndirmək nəzərdə tutulur. Vilayət hökumətinin hazırladığı arayışdakı məlumatlara görə, əgər 2001-ci ilin birinci rübündə ölkəmizlə xarici ticarət əməliyyatları 591 min dollar səviyyəsində olmuşdursa, cari ilin müvafiq dövründə bu göstərici 2 milyon 955 min dollar təşkil etmişdir. Azərbaycana əsasən oduncaq və ondan istehsal edilən məmulat, metal, maşınqayırma məhsulları ixrac olunmuşdur.
Sverdlovsk vilayəti hökumətinin üzvləri ilə görüşdən sonra baş nazir Artur Rasizadə və onu müşayiət edən şəxslər “Uraltransmaş” Açıq Səhmdar Cəmiyyətinə getdilər. Burada Azərbaycan müəssisələri ilə əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparıldı.
Səfər çərçivəsində digər mühüm görüş dünyanın ən iri müəssisələrindən biri olan “Uralmaş” Açıq Səhimdar Cəmiyyətində keçirildi. Baş nazir və nümayəndə heyətinin üzvləri müəssisənin sexlərinə baxdılar, neft avadanlığı və dəniz platformaları göndərilməsi sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etdilər. “Uralmaş”ın rəhbərləri bildirdilər ki, gələn il iyulun axırlarında bu məşhur müəssisənin 70 illiyi münasibətilə yubiley şənlikləri keçiriləcəkdir. Onlar bu tədbirə Azərbaycanın hökumət nümayəndə heyəti ilə yanaşı, SSRİ xalq artisti Müslüm Maqomayevi və respublikamızın mədəniyyət naziri Polad Bülbüloğlunu da dəvət edəcəklər.
Səfər zamanı baş nazir Artur Rasizadə və onun birinci müavini Abbas Abbasov Azərbaycan diasporunun nümayəndələri ilə də görüşdülər və onların problemləri ilə maraqlandılar. Yekaterinburqda yaşayan soydaşlarımız diasporun problemlərinə daim qayğı göstərdiyinə görə Azərbaycan Prezidenti Heydər Əliyevə minnətdarlıqlarını bildirdilər.
Hökumət rəhbərləri diasporun nümayəndələrinə bildirdilər ki, bu yaxınlarda dövlətimizin başçısı xaricdə yaşayan soydaşlarımızla əlaqələri genişləndirmək və inkişaf etdirmək məqsədi ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılması barədə Fərman imzalamışdır.
Qubernator Eduard Rossel Azərbaycan hökuməti nümayəndə heyətinin şərəfinə təşkil olunmuş ziyafətdə Sverdlovsk vilayətinin Azərbaycanla əməkdaşlığa böyük maraq göstərdiyindən danışdı. O, Rusiya-Azərbaycan münasibətlərinin inkişafında Azərbaycan Prezidenti Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin xüsusi rolunu qeyd etdi.
Azərbaycan hökumət nümayəndə heyəti üzvlərinin və Sverdlovsk vilayəti hökuməti nümayəndələrinin səfər çərçivəsində gəldikləri ümumi rəy bundan ibarət oldu ki, Azərbaycan ilə Rusiya arasında münasibətlər uğurla inkişaf edir və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
İyulun 11-də baş nazir Artur Rasizadə başda olmaqla Azərbaycan hökuməti nümayəndə heyətinin Sverdlovsk vilayətinə səfəri başa çatdı.
“Koltsovo” təyyarə limanında nümayəndə heyətinin üzvlərini Sverdlovsk vilayəti hökumətinin sədri Aleksey Vorobyov, vilayətin sahə nazirliklərinin rəhbərləri yola saldılar.
Sverdlovsk vilayətinin beynəlxalq və xarici siyasət əlaqələri naziri Yuri Orsintsev AZƏRTAC-ın müxbirinin sualına cavabında vurğuladı ki, Azərbaycan hökumət nümayəndə heyətinin bu uğurlu səfəri və Rusiyanın ən iri regionlarından biri olan Sverdlovsk vilayəti ilə əlaqələrin genişlənməsi Prezidentlər Heydər Əliyevin və Vladimir Putinin Azərbaycan və rus xalqlarının daha da yaxınlaşmasına yönəldilmiş müdrik siyasətinin nəticəsidir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Yekaterinburq-Bakı