İDMAN
Azərbaycan idmançıları pauerliftinq üzrə dünya çempionatında uğurla çıxış ediblər
Bakı, 18 noyabr, AZƏRTAC
ABŞ-da WPC versiyasına görə pauerliftinq üzrə dünya çempionatı başa çatıb.
Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev AZƏRTAC-a bildirib ki, Azərbaycan komandası bu yarışlarda uğurla çıxış edərək, altı qızıl və bir gümüş medal qazanıb.
Rüstəm Musayev (75 kq), Hafiz Verdiyev (110 kq), İbrahim İbrahimov (125 kq) Fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Rüfət Ağayev və Hafiz Verdiyev də mütləq dərəcədə dünya çempionatı olublar. Müşviq Ağayev (67,5 kq) gümüş medal qazanıb. Qızlar arasında Günel Talıbova (56 kq) və Sara Abbasova (75 kq) qalib gəliblər.
Qeyd edək ki, konqresdə 2017-ci ildə dünya çempionatının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilib. Əksər ölkələrin nümayəndələri Azərbaycanın namizədliyinə səs verib, halbuki rəqiblər arasında bir çox dövlətlər, o cümlədən Rusiya olub.