AZƏRBAYCAN İDMANI PREZİDENT HEYDƏR ƏLİYEVİN DİQQƏT VƏ QAYĞISI SAYƏSİNDƏ DAHA MÖHTƏŞƏM UĞURLAR QAZANACAQDIR
Respublikamızın idman ictimaiyyətinin, gənclər və sosial təminat sahələrində çalışan işçilərin birgə yığıncağı keçirilmişdir. Yığıncaq iştirakçıları bu sahələrdə çalışanların əmək haqlarının artırılması barədə Prezident Heydər Əliyevin sərəncamını yüksək qiymətləndirərək bəyanat qəbul etmişlər. AZƏRTAC-a daxil olmuş bəyanatda deyilir: “1993-cü ildə Azərbaycanı – ictimai-siyasi, sosial-iqtisadi böhranın kulminasiya nöqtəsində olan bir ölkəni 10 il ərzində çiçəklənən, gündən-günə inkişaf edən dövlətə çevirən möhtərəm Prezidentimiz Heydər Əliyev bütün bu illər ərzində gərgin fəaliyyətinə baxmayaraq idmanı diqqətdən kənarda qoymamışdır. Möhtərəm Prezidentimiz respublikamıza rəhbərlik etdiyi illər ərzində idmanımızın inkişafına xüsusi qayğını öz üzərinə götürmüş, idmançılara, məşqçilərə, idman xadimlərinə, ümumiyyətlə, peşəsi idmanla bağlı olan hər bir kəsə himayədarlıq etmiş, onların problemlərinin həllində öz köməyini əsirgəməmişdir. Məhz bu nəcib, xeyirxah və humanist işinə, idman sahəsində böyük və fundamental uğurların bünövrəsini qoyduğuna görə Azərbaycanın idman ictimaiyyəti dövlətimizin başçısı, xalqımızın müdrik ağsaqqalı Heydər Əlirza oğlu Əliyevə daim borcludur. Dövlətimizin başçısı Heydər Əliyevin ölkəmizdə idman və bədən tərbiyəsi sahəsində təkcə son 10 il ərzində həyata keçirdiyi misilsiz işlər bütöv bir əsrdə görülən işlər qədərdir. Dövlət büdcəsindən maliyyələşən idman və gənclər müəssisə və təşkilatlarında çalışan işçilərin aylıq əmək haqlarının 50 faiz artırılması barədə Prezidentin 27 iyun 2003-cü il tarixli Sərəncamı bu sahədə çalışanlar tərəfindən böyük sevinc hissi ilə qarşılanmışdır. Dövlətimizin iqtisadi imkanları artdıqca ilk növbədə əhalinin sosial təminatı barədə düşünərək müvafiq fərman və sərəncamlar imzalaması Azərbaycan Prezidenti Heydər Əliyevə xalqımızın inam və sevgisini daha da artırmışdır. İdman ictimaiyyətimiz Prezidentimizin bu humanist addımlarına öz fəal, səmərəli işləri ilə cavab verməyə çalışır və göstərilən etimada layiq olmağa səy göstərir. Məhz bunun nəticəsidir ki, son illər ölkədə idmanın inkişafı, kütləvi bədən tərbiyəsinin təşkili istiqamətində uğurlu nəticələr əldə edilmiş, əhali arasında idmana axın güclənmişdir. Biz – Azərbaycanın idman sahəsində çalışan mütəxəssisləri vətəndaşı olduğumuz dövlətə Heydər Əliyev kimi xalqını sevən, onu düşünən bir şəxsiyyətin rəhbərlik etməsindən böyük qürur duyur və sevinirik ki, əmək fəaliyyətimiz məhz bu xeyirxah insanın prezidentliyi dövrünə təsadüf edir. Biz bədən tərbiyəsi və idman işçiləri həmişə möhtərəm Prezidentimizin daimi diqqət və qayğısını öz üzərimizdə hiss etmiş, onun idman və bədən tərbiyəsi sahəsində, ölkə idmanının yüksəlişi yolunda gördüyü işlərin uğurlu nəticələrinin şahidi olmuşuq. Ölkəmizdə idman nailiyyətlərinin ildən-ilə artması, yeni-yeni idman komplekslərinin tikilməsi, eləcə də köhnə idman qurğularının bərpası, idman veteranlarımıza, dünya və Olimpiya çempionlarına, onların məşqçilərinə xüsusi təqaüdlərin verilməsi, onların mənzillərlə, fəxri adlarla təltif olunmaları Azərbaycan Prezidenti, böyük dövlət xadimi Heydər Əliyevin inkarolunmaz xidmətləridir. Bu xidmətlər ölkəmizin çoxsaylı idman işçilərini xalqımızın fiziki sağlamlığı, idmançılarımızın beynəlxalq aləmdə respublikamızın nüfuzunu yüksəltmələri üçün var qüvvələri ilə çalışmağa sövq edir. Biz qəti əminliklə söz veririk ki, bundan sonrakı fəaliyyətimizdə də Heydər Əliyevin Vətənimizin inkişafı naminə apardığı uzaqgörən siyasətinin icraçıları olaraq göstərilən etimada həmişə layiq olmağa çalışacağıq.