Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil
Bakı, 7 avqust, AZƏRTAC
Avqustun 1-dən 7-dək Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsi keçirilib. Həftənin təsis edilməsi 1990-cı ildə ÜST və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən ana südü ilə qidalanmanın qorunması, təşviqi və dəstəklənməsinə yönəlmiş İnnoçeti Bəyannaməsinin qəbul edilməsi ilə əlaqədardır. Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsinin qeyd edilməsində məqsəd qadınları ana südü ilə qidalandırmanın sağlamlıq faydaları haqqında məlumatlandırmaqdır.
Ana südünün körpələrə faydası və əlavə qidaya keçid dövrü barədə AZƏRTAC-ın suallarını Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Gültəkin Novruzova cavablandırıb.
Onun sözlərinə görə, Beynəlxalq Ana Südü Akademiyası təsdiqləyir ki, 12-24 ay arasında əmizdirmə insan üçün bioloji olaraq tam normal və təbii fizioloji prosesdir. Müasir klinik yanaşmaya əsasən, əmizdirmənin dayandırılması kənar təsirlərlə deyil, yalnız ana və uşağın birgə qərarı əsasında baş verməlidir. Lakin təəssüf ki, tibb işçiləri arasında belə, 1 yaşından sonra əmizdirməyə qeyri-adi və ya faydasız bir proses kimi baxmaq meyli var: “Uşağın həyatının ikinci ilində ana südü gündəlik enerji tələbatının təxminən 38-45 faizini qarşılayır. O, yüksəkkeyfiyyətli zülalların, yağ turşularının, kalsiumun, A vitamininin və digər vacib mikroelementlərin mühüm mənbəyi olaraq qalır. Qlobal strategiyalara baxdıqda, Beynəlxalq Ana Südü Akademiyasının bu tövsiyələri ÜST, UNICEF, Amerika Pediatriya Akademiyası və Amerika Ailə Həkimləri Akademiyasının rəsmi mövqeyi ilə tam uzlaşır. Yəni ilk 6 ay eksklüziv ana südü, 6 aydan sonra yaşa uyğun əlavə qidalar və əmizdirmənin ən azı 2 yaşa qədər davam etdirilməsi qızıl standartdır. 6 aydan əvvəl isə hər hansı bir allergiya profilaktikası və ya dəmir statusunu yaxşılaşdırmaq bəhanəsi ilə əlavə qidaların verilməsi elmi cəhətdən əsaslandırılmır”.
Gültəkin Novruzova deyib ki, uzunmüddətli əmizdirmənin uşaq orqanizminə təsiri çoxşaxəlidir və bu üç əsas istiqamətdə qruplaşdırılır. Bunlar aşağıdakılardır:
- İmmunoloji qorunma: İkinci ildə də südün tərkibindəki immunqlobulinlər, laktoferrin və bioaktiv komponentlər körpəni respirator infeksiyalardan, orta qulaq iltihabından (otit) və kəskin ishal riskindən etibarlı şəkildə qorumağa davam edir;
- Neyro-koqnitiv inkişaf: Klinik tədqiqatlar aşkar edib ki, 12 aydan daha uzun müddət əmizdirilən uşaqların intellektual testlərdə koqnitiv və emosional inkişaf göstəriciləri daha yüksək olur;
- Xroniki risklərin azalması: Bu, gələcək nəsillərin sağlamlığı üçün metabolik bir investisiyadır. Uzunmüddətli əmizdirmə gələcəkdə uşaqda artıq çəki (piylənmə), tip 2 diabet və digər metabolik pozulmaların yaranma ehtimalını minimuma endirir.
O bildirib ki, uzun illər allergiyanın qarşısını almaq məqsədilə allergen qidaların uşağa gec verilməsi tövsiyə edilirdi. Lakin müasir immunologiya bunun doğru yanaşma olmadığını göstərib: “Hazırda sübut olunub ki, təxminən 4–6 aylıq dövr "immunoloji tolerantlıq pəncərəsi" hesab olunur. Bu mərhələdə bağırsaq və immun sistemi elə inkişaf mərhələsində olur ki, yaşa uyğun şəkildə təqdim olunan allergen qidalar orqanizm tərəfindən daha asan qəbul edilir və onlara qarşı tolerantlıq formalaşır. Xüsusilə bu proses ana südü ilə qidalanma fonunda daha effektiv gedir. Müasir beynəlxalq tövsiyələrə əsasən, allergen qidaların uzun müddət gecikdirilməsi allergiya riskini azaltmır, əksinə, bəzi hallarda onun artmasına səbəb ola bilər. Əlbəttə ki, bütün əlavə qidalar uşağın inkişaf səviyyəsinə uyğun, pediatrın tövsiyələri nəzərə alınmaqla mərhələli şəkildə tətbiq edilməlidir. Ən vacib məsələ ailələrin düzgün məlumatlandırılmasıdır. Həkimlər valideynlərlə təzyiqedici deyil, dəstəkləyici ünsiyyət qurmalı, əmizdirmə zamanı yaranan çətinliklərdə peşəkar laktasiya dəstəyi göstərməlidirlər. Süd vəzisi problemləri və ya qidalanma çətinlikləri əmizdirmənin dayandırılması üçün səbəb hesab edilməməlidir. Yekun olaraq, ana südü ilə qidalandırma əlavə qidalarla yanaşı, ən azı 2 il davam etdirilməlidi. 4-6 aylıq “immunoloji tolerantlıq pəncərəsi” isə allergenlərin təqdimi üçün ən əlverişli dövr hesab edilir”.
Müxbir – Göyçək Mahmudlu