Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb
Bakı, 7 avqust, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaşlarla görüş davam etdirilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə uyğun olaraq, nazirliyin Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov avqustun 7-də Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb.
Görüş zamanı vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, subsidiya, kənd təsərrüfatı texnikası ilə təminat, arıçılıq, bağçılıq və digər məsələləri əhatə edib. Fərid Nəcəfov hər bir müraciəti dinləyərək qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə operativ araşdırılması və həlli üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib. Müraciətlərin bir qismi yerində həllini tapıb, araşdırılması tələb olunan məsələlər isə nəzarətə götürülüb. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər baxılması üçün müvafiq qurumlara yönləndirilməsi məqsədilə qeydiyyata alınıb.
Görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafına dair imzaladığı sərəncamların aqrar sahənin inkişafına və kənd təsərrüfatı istehsalçılarının sosial rifahının yüksəldilməsinə mühüm töhfə verdiyi vurğulanıb.
Görüşdən sonra Fərid Nəcəfov Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşərək iş prosesinin təşkili ilə maraqlanıb, fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələrini verib.