Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib
Bakı, 7 avqust, AZƏRTAC
Ədliyyə naziri Fərid Əhmədov avqustun 7-də Lerik rayonunda vətəndaş qəbulu keçirib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.
Qəbulda Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı və Cəlilabad rayonlarından ümumilikdə 152 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.