Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB
Ankara, 7 avqust, AZƏRTAC
Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan avqustun 7-də üçtərəfli müdafiə müqaviləsi imzalayıb.
AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi “Məkkə müdafiə sazişi” adlanan sənədin imzalandığını elan edib.
İslamabad müqaviləni regional sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə töhfə adlandırıb və bundan sonra üç ölkədən birinə silahlı hücumun bütün imza atan ölkələrə qarşı təcavüz hesab ediləcəyini vurğulayıb.
Sənəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində imzalanıb.
Türkiyə lideri Məkkədə Krallığın vəliəhdi Məhəmməd bin Salman ilə danışıqlar aparıb. Pakistanın Baş naziri Şahbaz Şəriflə də görüş planlaşdırılıb.
10:59
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı avqustun 7-də Ciddədə üçtərəfli müdafiə müqaviləsi imzalayacaq.
AZƏRTAC bu barədə Ankaradakı təhlükəsizlik mənbələrinə istinadla xəbər verir.
Türkiyə mediasının məlumatına görə, müdafiə müqaviləsi tərəflərin aylarla davam edən danışıqlarının və diplomatik səylərinin nəticəsidir. İmzalanacaq sənəd regionda sülhün və sabitliyin qorunması istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü səhər Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb. Rəsmi açıqlamaya görə, o, burada Krallığın vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif ilə danışıqlar aparacaq.