Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi
Bakı, 7 avqust, AZƏRTAC
Qazaxıstan ilə Azərbaycan arasında Xəzər dənizinin dibi ilə çəkilən Trans-Xəzər sualtı fiber-optik rabitə xəttinin dəniz hissəsinin tamamlanması təkcə iki ölkə üçün deyil, bütövlükdə Avrasiya regionunun rəqəmsal inkişafı baxımından strateji əhəmiyyət daşıyan hadisədir. Bu layihə qlobal iqtisadiyyatın, maliyyə sistemlərinin, elektron ticarətin və dövlət idarəçiliyinin sürətlə rəqəmsallaşdığı, o cümlədən süni intellekt texnologiyalarının inkişaf etdiyi indiki zamanda yüksək əhəmiyyətə malikdir. Dövrümüzdə sürətli və etibarlı məlumatötürmə infrastrukturu enerji və nəqliyyat dəhlizləri qədər vacib hesab olunur. Bu mənada Aktau-Sumqayıt marşrutu üzrə yaradılan yeni fiber-optik bağlantı regionun rəqəmsal xəritəsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli söyləyib.
O bildirib ki, layihənin ən mühüm üstünlüyü, ilk növbədə, Asiya ilə Avropa arasında məlumatların ötürülməsi üçün alternativ və daha etibarlı marşrut formalaşdırmasıdır: “Hazırda qlobal internet trafikinin əhəmiyyətli hissəsi müəyyən coğrafi istiqamətlərdən keçir. Hər hansı texniki nasazlıq, təbii fəlakət və ya geosiyasi risk həmin marşrutlar üzrə rabitənin dayanıqlılığına təsir göstərə bilir. Trans-Xəzər xətti isə bu riskləri azaltmaqla beynəlxalq internet bağlantılarının şaxələndirilməsinə xidmət edəcək. Alternativ marşrutların çoxalması həm qlobal internet infrastrukturunun təhlükəsizliyini artırır, həm də məlumatların daha sürətli və fasiləsiz ötürülməsinə imkan yaradır”.
Müşfiq Ələsgərli deyib ki, bu layihə Azərbaycanın son illərdə həyata keçirdiyi uğurlu strateji siyasətin məntiqi nəticələrindən biridir. “Azərbaycan uzun müddətdir ki, özünü təkcə enerji ixrac edən ölkə kimi deyil, həm də Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat, logistika və kommunikasiya mərkəzi kimi formalaşdırır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Orta Dəhliz kimi irimiqyaslı layihələr bu strategiyanın əsas sütunlarını təşkil edir. Trans-Xəzər fiber-optik xətti də həmin siyasətin rəqəmsal istiqamətdə davamıdır. Başqa sözlə, Azərbaycan artıq enerji və yük daşımalarında deyil, informasiya axınlarının idarəedilməsində də regional mərkəz rolunu gücləndirir.
Layihənin əhəmiyyəti yalnız Azərbaycanla məhdudlaşmır. Mərkəzi Asiya ölkələri uzun illərdir dünya bazarlarına çıxış marşrutlarını şaxələndirməyə çalışır. Bu gün söhbət, sadəcə, enerji və yük daşımalarından deyil, rəqəmsal əlaqələrdən də gedir. Yeni fiber-optik xətt Qazaxıstan, gələcəkdə isə digər Mərkəzi Asiya dövlətləri üçün Avropa bazarlarına daha qısa, təhlükəsiz və yüksək ötürmə qabiliyyətinə malik rəqəmsal çıxış imkanı yaradır. Bu da region ölkələrinin rəqəmsal iqtisadiyyatının inkişafına, elektron ticarətin genişlənməsinə, innovasiya ekosistemlərinin güclənməsinə və beynəlxalq investisiyaların cəlbinə müsbət təsir göstərəcək. Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında rəqəmsal inteqrasiyanın güclənməsi regional əməkdaşlıq üçün də yeni imkanlar açacaq”,- deyə o əlavə edib.