Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib
Astana, 7 avqust, AZƏRTAC
Mərkəzi Asiya Dövlətlərarası Su Koordinasiyası Komissiyasının 94-cü iclası Qazaxıstanın Türküstan şəhərində keçirilib.
AZƏRTAC Qazaxıstan Respublikasının Su Ehtiyatları və İrriqasiya Nazirliyinə istinadla xəbər verir ki, iclas iştirakçıları Sırdərya çayı hövzəsində avtomatlaşdırılmış su ölçmə sisteminin tətbiqi üçün layihə planının hazırlanmasını təsdiqləyiblər.
Bu məsələ ilə bağlı xüsusi işçi qrupunun 2026-cı ilin sentyabr ayına qədər yaradılması planlaşdırılır.
Tərəflər, həmçinin 2026-cı ilin vegetasiya mövsümü üçün Sırdərya və Amudərya çayları hövzələrində su anbarlarının limitlərini və iş rejimlərini nəzərdən keçiriblər.
Nazirliyin məlumatına görə, aprelin 1-dən bəri Sırdərya anbarına təxminən 3 milyard kubmetr su daxil olub. Bu həcm ötən ilin rəqəmlərini və uzunmüddətli orta göstəriciləri üstələyir.
Mərkəzi Asiya Dövlətlərarası Su Koordinasiyası Komissiyasının növbəti, 95-ci iclası Türkmənistanda keçiriləcək.