AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir
Bakı, 7 avqust, AZƏRTAC
Əmək qanunvericiliyinin və beynəlxalq əmək standartlarının məqsədi texnoloji inkişafla işçilərin hüquqlarının qorunması arasında tarazlığın təmin edilməsidir. Ona görə də həmkarlar ittifaqının məqsədi texnoloji yeniliklərin tətbiqini dəstəkləməklə yanaşı, bu prosesdə sosial ədalət və layiqli əmək prinsiplərini qorumaqdır.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından məlumat verilib.
“Bu istiqamətdə işəgötürənlər və dövlət qurumları ilə sosial dialoqun gücləndirilməsinə, kollektiv danışıqlar və sosial dialoq mexanizmləri vasitəsilə işçilərin hüquq və mənafelərinin qorunmasına xüsusi önəm verir, həmçinin Beynəlxalq Əmək Təşkilatının “İnsan eһtiyatlarının inkişafı һaqqında” 142 saylı Konvensiyasına müvafiq olaraq, işçilərin yenidən ixtisaslaşması, rəqəmsal bacarıqlarının artırılması və dəyişən əmək bazarına uyğunlaşması ilə bağlı təşəbbüsləri dəstəkləyirik”, - deyə məlumatda vurğulanıb.
Bildirilib ki, bu sahədə kollektiv danışıqların aparılması beynəlxalq əmək standartlarının digər tələbləri ilə də uzlaşır. Belə ki, Beynəlxalq Əmək Təşkilatının 144 saylı “Üçtәrәfli mәslәһәtlәşmәlәr (beynәlxalq әmәk normaları) һaqqında" Konvensiyası hökumət, işəgötürənlər və işçilərin əmək bazarında baş verən dəyişikliklərlə bağlı daimi məsləhətləşmələr aparmasını, 154 saylı "Kollektiv Danışıqlar Konvensiyası" isə texnoloji yeniliklərin əmək şəraitinə təsirinin kollektiv danışıqlar yolu ilə tənzimlənməsini nəzərdə tutur. Beləliklə, texnoloji inkişafın yaratdığı imkanlar həm iqtisadiyyatın inkişafına, həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir.
Müxbir- Günel Türksoy