Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib
Berlin, 7 avqust, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş fiziki şəxsə qarşı sanksiya tətbiq edib.
AZƏRTAC xəbər verir ki, Aİ-nin qərarına əsasən, sanksiya siyahısına daxil edilən şəxslər Rusiya müdafiə və hərbi texnologiya sektorunda fəaliyyət göstərən, silahlı qüvvələrin istifadəsi üçün hərbi texnika və texnologiyaların hazırlanması, istehsalı və tədarükü ilə məşğul olan şirkətlərin rəhbər vəzifəli şəxsləridir. Siyahıda “Serpuxov Metallist Zavodu” ASC-nin baş direktoru Ramil Badqutdinov da yer alıb. Sözügedən müəssisə Rusiyanın “İsgəndər-M” ballistik raket sistemlərində istifadə olunan dəqiq elektromexaniki komponentlərin istehsalında iştirak edir. Həmçinin “Krasnoyarsk Maşınqayırma Zavodu” ASC-nin baş direktoru Aleksandr Dyukarev sanksiyalara məruz qalıb. Bu müəssisə, xüsusilə RS-28 “Sarmat” raket sistemi də daxil olmaqla, ballistik raketlərin istehsalı ilə məşğuldur.
Yeni sanksiyalar çərçivəsində hərbi rabitə sistemləri, pilotsuz uçuş aparatları və kosmik hərbi texnologiyaların hazırlanmasında iştirak edən şirkət rəhbərləri də siyahıya daxil edilib. Qərara əsasən, həmin şəxslərin Aİ ərazisində aktivləri dondurulur, onlara maliyyə və iqtisadi resursların təqdim edilməsi qadağan olunur, həmçinin Avropa İttifaqına girişlərinə məhdudiyyət tətbiq edilir.