Azərbaycan İlahiyyat İnstitutunda seminar: “Sən uğura layiqsən, uğur sənsən”
Bakı, 17 yanvar, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ilahiyyatçı Rəşadət Hidayətovun təqdimatında “Sən uğura layiqsən, uğur sənsən” mövzusunda seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Aİİ rəhbərliyi, müəllim və tələbə heyətinin iştirak etdiyi seminarı institutun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Anar Qafarov idarə edib. O, tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi yönündə müxtəlif mövzularda təşkil olunan seminarların xüsusi rol oynadığını vurğulayıb.
Aİİ-nin rektoru Ceyhun Məmmədov tələbələrə uğura nail olmaq, qarşıya qoyulan məqsədə çatmaq və sənətində peşəkar kimi püxtələşmək üçün oxumaq, öyrənmək haqqında daha çox düşünməli olduqları barədə tövsiyələr verib. O, uğur qazanmaq üçün bilik və elmin xüsusi rol oynadığını qeyd etməklə yanaşı, bu istiqamətdə, həmçinin səbirli olmağın, çətinliklərə dözməyin vacibliyini vurğulayıb.
Rəşadət Hidayətov “Sən uğura layiqsən, uğur sənsən” mövzusunda çıxış edərək bildirib ki, seminarın əsas məqsədi müvəffəqiyyətə nail olmağın üsullarını öyrətməkdir. O vurğulayıb ki, uğura inanmaq hər zaman vacibdir. İnsanın uğursuzluqları uğura çevirə bilməsi üçün çalışması özünə verə biləcəyi ən böyük mükafatdır. Uğur - qanunları, əxlaq qaydalarını pozmadan məqsədə çatmaq üçün nəticə əldə etməkdir.
Seminar maraqlı müzakirələrlə davam edib.