Azərbaycan İlahiyyat İnstitutunda valideynlər və müşahidəçilər imtahan prosesini izləyiblər
Bakı, 25 yanvar, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2018-2019-cu tədris ilinin qış imtahan sessiyası davam edir.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, yanvarın 25-də institutda təhsil alan tələbələrin valideynləri və İctimai Şuranın üzvləri imtahan prosesinin gedişini izləyiblər.
İnstitutun rektoru Ceyhun Məmmədov valideynlərlə görüşündə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrıldığını qeyd edib. C.Məmmədov gənc nəslin sağlam ruhda yetişməsi, yüksək dünya standartlarına uyğun təhsil almasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahəyə xüsusi qayğı göstərdiyini vurğulayıb.
Diqqətə çatdırıb ki, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, şikayətlərin qısa müddətdə araşdırılıb, müvafiq qərarların qəbul edilməsi üçün operativ qərargah və apellyasiya komissiyası yaradılıb.
C.Məmmədov imtahan sessiyası ərəfəsində görülən işlər, imtahanlara hazırlıq işləri barədə də məlumat verib. O, tələbələrlə görüşlər keçirdiyini, onlara tövsiyələr verdiyini, imtahanlarda biliyin yeganə meyar olduğunu diqqətə çatdırıb.
Rektor imtahanlara hazırlıq üçün institutda bütün lazımi şəraitin yaradıldığını bildirib. C.Məmmədov imtahanların bir qayda olaraq yazılı, zərurət yarandığı hallarda isə şifahi və test formasında keçirildiyini qeyd edib.
Müşahidəçilər imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şəraitin yaradıldığını bildiriblər.