AZƏRBAYCAN İLƏ ÇERNOQORİYA ARASINDA DİPLOMATİK ƏLAQƏLƏR YARADILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 24-də Vyanada Azərbaycan Respublikası ilə Çernoqoriya Respublikası arasında diplomatik əlaqələrin yaradılması haqqında protokol imzalanmışdır. Protokolu Azərbaycan tərəfindən respublikamızın Avstriyadakı səfiri Fuad İsmayılov, qarşı tərəfdən isə Çernoqoriyanın Avstriyadakı səfiri Vesko Qarçeviç imzalamışlar.
İmzalanma mərasimindən sonra səfirlər ölkələrimiz arasında münasibətlər və qarşılıqlı əməkdaşlıq imkanları barədə söhbət etmişlər.
Səfir V.Qarçeviç azərbaycanlı həmkarına Çernoqoriyanın tarixi keçmişi, müstəqilliyə aparan yol, müstəqillik əldə etdikdən sonra ölkənin beynəlxalq aləmdə tanınması prosesi, iqtisadi potensialı və s. barədə ətraflı məlumat vermişdir.
Səfir F.İsmayılov Azərbaycan Respublikası haqqında məlumat vermiş, Avropanın tərkib hissəsi olan ölkəmizin bu qitədə yerləşən dövlətlərlə yüksək səviyyəli diplomatik əlaqələr qurması, təşəbbüsü və iştirakçısı olduğu transmilli layihələrin Avropa üçün əhəmiyyəti, Avropanın enerji təhlükəsizliyində ölkəmizin getdikcə artan rolu barədə danışmışdır. Səfir Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Azərbaycan tərəfinin münaqişənin sülh yolu ilə həlli istiqamətində göstərdiyi səyləri qeyd etmiş, təcavüzkar siyasətə son qoymayan Ermənistanın regionda həyata keçirilən bütün strateji layihələrdən kənarda qaldığını xatırlatmışdır.
Ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin perspektivlərini müzakirə edən tərəflər, eyni zamanda, Vyanada fəaliyyət göstərən beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq barədə fikir mübadiləsi aparmışlar.
######
