AZƏRBAYCAN İLƏ İSRAİL ARASINDA BİTKİÇİLİK VƏ HEYVANDARLIQ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ ÜÇÜN GENİŞ İMKANLAR VARDIR
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir Heydər Babayev Bakıda səfərdə olan İsrailin kənd təsərrüfatı və kənd rayonlarının inkişafı naziri Şalom Simhonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə İsrail arasında mövcud iqtisadi əlaqələrin vəziyyəti müzakirə edilmiş, kənd təsərrüfatı sahəsində əməkdaşlığın mümkün perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır. Heydər Babayev ərzaq təhlükəsizliyinin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq bildirmişdir ki, 2007-ci ildə kənd təsərrüfatında məhsul istehsalı ilə məşğul olan fermerlərə motor yağları, yanacaq və gübrələrin güzəştli şərtlərlə satılması üçün 80 milyon manat subsidiya ayrılmışdır. Bundan əlavə, kənd təsərrüfatı məhsulu istehsalçılarının maddi-texniki bazasını möhkəmləndirmək, onlara aqroservis xidməti göstərmək məqsədi ilə “Aqrolizinq” Səhmdar Cəmiyyəti yaradılmışdır. Hazırda səhmdar cəmiyyət kənd təsərrüfatı məhsulları istehsalçılarını texnika, ehtiyat hissələri, texnoloji avadanlıq, aqrokimyəvi maddələr və ziyanvericilərə qarşı mübarizə preparatları ilə təmin edir. Kənd təsərrüfatının ölkə iqtisadiyyatının aparıcı sahələrindən olmasını, aqrar sektorun ənənələrini və əlverişli aqroiqlimin mövcudluğunu nəzərə alaraq Azərbaycan Dünya Ticarət Təşkilatına (DTT) üzv olduqdan sonra da kənd təsərrüfatına 10 faizlik subsidiya ayırmaq fikrindədir. Hazırda Azərbaycanın DTT-yə üzvlük prosesi çərçivəsində kənd təsərrüfatına subsidiyaların ayrılması məsələsi əsas müzakirə mövzularındandır.
Azərbaycan ilə İsrail arasında ticarət əlaqələrinin genişləndirilməsi məqsədi ilə mövcud potensialdan daha səmərəli istifadə edilməsinin vacibliyini bildirən nazir, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün əlverişli imkanların olduğunu da vurğulamışdır.
Ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edən Şalom Simho Azərbaycanda sürətli iqtisadi inkişafı və genişmiqyaslı tikinti-quruculuq işlərini müsbət qiymətləndirmişdir. O, İsrail iqtisadiyyatı barədə məlumat vermiş, ölkəsində bitkiçilık və heyvandarlığın əsas sahələrdən olduğunu qeyd etmiş, Azərbaycan ilə bu sahədə də əməkdaşlıq etmək üçün geniş imkanların mövcudluğunu vurğulamışdır.
İsrail rəsmisi iqtisadi inkişaf naziri Heydər Babayevi 2009-cu ildə ölkəsində keçiriləcək sərgiyə dəvət etmişdir.
Görüşdə İsrailin “AGREXSO” şirkətinin baş direktoru Şlomo Tiraş və bu ölkənin Azərbaycandakı səfiri Artur Lenk iştirak etmişlər.