AZƏRBAYCAN İLƏ TÜRKİYƏ ARASINDA HƏRBİ SAHƏDƏ UĞURLU ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİ QURULMUŞDUR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir, general-polkovnik Səfər Əbiyev mayın 1-də Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Aydoğan Babaoğlu ilə görüşmüşdür.
Nazir Azərbaycan ilə Türkiyəni bir-birinə bağlayan çoxəsrlik tarixi, mənəvi, mədəni tellərin bu gün daha möhkəm və sarsılmaz olduğunu qeyd etmişdir. O demişdir ki, Azərbaycan ən çətin anlarında Türkiyəni həmişə öz yanında hiss etmiş və dövlət müstəqilliyimizi tanıyan ilk ölkə də məhz Türkiyə olmuşdur.
Azərbaycan-Türkiyə əlaqələrinin hazırkı inkişaf səviyyəsinə toxunan nazir bütün sahələrdə olduğu kimi, hərbi sahədə də uğurlu əməkdaşlıq münasibətlərinin qurulduğunu qeyd etmiş və bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulamışdır.
General-polkovnik S.Əbiyev Azərbaycan Ordusunda son illər yüksək tərəqqiyə nail olunduğunu, hərbi təlim və təhsilin müasirləşdirildiyini qonağın diqqətinə çatdırmışdır. Nazir demişdir ki, bu işdə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Silahlı Qüvvələrinə dəstəyi daim nəzərə çarpmışdır.
Müdafiə naziri Səfər Əbiyev qeyd etmişdir ki, Azərbaycan ilə qardaş Türkiyəni bir çox maraqlar birləşdirir. Burada işğalçı Ermənistanın Azərbaycan torpaqlarından geri çəkilməsi başlıca amil kimi dayanır.
Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı A.Babaoğlu Azərbaycanın müdafiə nazirinin fikirləri ilə tamamilə razı olduğunu və Türkiyənin bir millət-iki dövlət prinsipinə bundan sonra da sadiq qalacağını demişdir.
Görüşdə Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi, briqada generalı Fahri Kır iştirak etmişlər.