SİYASƏT
Azərbaycan ilə Yaponiya arasında əlaqələrin perspektivləri müzakirə olunmuşdur
Bakı, 22 noyabr (AZƏRTAC). Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Tsuquo Takahaşi ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilmişdir ki, T.Takahaşi etimadnaməsinin surətini E.Məmmədyarova təqdim etmişdir.
Xarici siyasət idarəsinin rəhbəri T.Takahaşini Azərbaycanda səfir təyin olunması münasibətilə təbrik etmiş və diplomatik fəaliyyətində ona uğurlar arzulamışdır.
Görüşdə Azərbaycan-Yaponiya əlaqələrinin inkişaf səviyyəsindən məmnunluq bildirilmiş, xüsusilə ölkələrimizin enerji sahəsində uğurlu əməkdaşlığının, parlamentlərarası münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələndirmənin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanmışdır. Tərəflər iqtisadi əlaqələrin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparmışlar.
Səfir T.Takahaşi diplomatik fəaliyyəti müddətində Azərbaycan ilə Yaponiya arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirmişdir.