SİYASƏT
Azərbaycan-Livan ikitərəfli əlaqələrinin inkişaf perspektivləri müzakirə olunmuşdur
Bakı, 16 avqust (AZƏRTAC). Azərbaycanın Suriya və Livandakı səfiri Mahir Əliyev Livanın sabiq prezidenti, “Əl-Kətaib” partiyasının sədri Əmin Əl-Cimeyyil ilə görüşmüşdür.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Azərbaycan-Livan ikitərəfli münasibətləri, Yaxın Şərq və Qafqaz regionlarında cərəyan edən proseslər ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Azərbaycanın ikitərəfli və beynəlxalq müstəvidə Livan ilə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayan Mahir Əliyev, əlaqələrimizin səviyyəsinin yüksəldilməsi üçün böyük potensialın mövcud olduğunu diqqətə çatdırmışdır.
Azərbaycanın qədim tarixi və mədəniyyəti haqqında ətraflı məlumat verən diplomat, ölkəmizin dövlətçilik ənənələri və mədəni inkişafı ilə İslam dünyasının öncüllərindən biri olduğunu qeyd etmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir problemin tarixi kökləri ilə bağlı məlumat vermişdir. Bildirmişdir ki, Ermənistanın təcavüzkar siyasəti BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrdə pislənilmiş, işğal olunmuş Azərbaycan ərazilərindən erməni silahlı birləşmələrinin geri çəkilməsi, öz doğma yaşayış yerlərindən didərgin salınmış qaçqın və məcburi köçkünlərin geri qayıtma hüququnun bərpa olunması tələb edilmişdir.
Mahir Əliyev, həmçinin Azərbaycanın sürətli inkişafı, regionda həyata keçirdiyi nəhəng iqtisadi layihələr haqqında da danışmışdır. Qeyd edilmişdir ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində bu ölkə həmin layihələrdən kənarda qalmış və iqtisadiyyatı getdikcə tənəzzülə uğramaqdadır.
Azərbaycanın qazandığı uğurlar barədə məlumatlı olduğunu deyən Əmin Əl-Cimeyyil, ölkəmizin güclü bir dövlətə çevrildiyini və respublikamızın sürətli inkişafının Livan tərəfindən rəğbətlə qarşılandığını vurğulamışdır. Ermənistanın üzləşdiyi iqtisadi çətinliklərdən xəbərdar olduğunu bildirən Əmin Əl-Cimeyyil, Azərbaycanın sürətli inkişafını yüksək qiymətləndirmiş və ölkəmizə səfər etmək niyyətində olduğunu diqqətə çatdırmışdır.
Görüşdə, həmçinin Azərbaycan-Livan ikitərəfli münasibətlərinin inkişaf perspektivləri, parlamentlərarası əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılmışdır.