AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN İNKİŞAFINDA GƏNCLƏRİN ROLU ÇOX BÖYÜKDÜR
AZƏRTAC xəbər verir ki, aprelin 18-də “Gənclik” Beynəlxalq Turizm Mərkəzində “Gənclik - gələcəyin səsi” mövzusunda II respublika görüş-seminarı öz işini davam etdirmişdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev demişdir ki, 100-ə yaxın yaradıcı gəncin qatıldığı tədbirdə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri, son 5 ildə ölkə daxilində və xaricdə keçirilən yaradıcılıq müsabiqələrinin, festivalların, olimpiadaların, sərgilərin qalibləri ilə yanaşı, digər istedadlı gənclər də iştirak edirlər.
Ə.Qarayev bildirmişdir ki, görüş-seminarın məqsədi yaradıcı və istedadlı gənclərə dövlət qayğısının daha da artırılması, yaradıcı gənclərin mövcud problemlərinin müzakirə edilməsi və qarşıda duran əsas vəzifələrin səmərəli həyata keçirilməsi yollarının müəyyənləşdirilməsidir.
Azərbaycan mədəniyyətinin inkişafında gənclərin rolu çox böyükdür, - deyən nazir diqqətə çatdırmışdır ki, son vaxtlar respublikada istedadlı və yaradıcı gənclərlə iş sahəsində əhəmiyyətli addımlar atılmış, bir sıra dövlət proqramları qəbul edilmiş, əksər beynəlxalq səviyyəli tədbirlərdə onların iştirakı təmin olunmuşdur.
Aidiyyəti dövlət orqanları və yaradıcılıq ittifaqları tərəfindən mütəmadi olaraq gənc şair və yazıçıların, rəssam və heykəltəraşların, bəstəkar və müğənnilərin müsabiqələrinin, konsert və festivallarının keçirildiyini vurğulayan natiq bildirmişdir ki, hər ilin yekununa görə fərqlənən gənclərə diplom və müxtəlif mükafatlar təqdim edilmişdir.
Ə.Qarayev vurğulamışdır ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi ardıcıl, məqsədyönlü siyasət bütün Azərbaycan gəncliyi üçün geniş imkanlar yaratmışdır.
Tədbirdə Milli Məclisin deputatı Əkrəm Abdullayev, Azərbaycan Milli Konservatoriyasının rektoru, bəstəkar Siyavuş Kərimi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycanın xalq artisti Rasim Balayev, şair, yazıçı və tərcüməçi İlqar Fəhmi və digərləri çıxış edərək, dövlətimizin yaradıcı gənclərə göstərdiyi diqqət və qayğıdan, istedadlı gənclərin üzləşdikləri problemlərdən danışmış, rəy və təkliflərini bildirmişlər.
Seminara aprelin 19-da yekun vurulacaqdır.
######
