REGİONLAR
Azərbaycan mədəniyyətlərin qovuşduğu məkanda yerləşdiyi üçün daim dinlər və sivilizasiyalar arasında mühüm rol oynayır
![Azərbaycan mədəniyyətlərin qovuşduğu məkanda yerləşdiyi üçün daim dinlər və sivilizasiyalar arasında mühüm rol oynayır](/files/2017/2/1200x630/15041976691311763794_1200x630.jpg)
Göyçay, 31 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçayda “İslam sivilizasiyasının təbliğində media və dini icmaların birgə əməkdaşlığının artırılmasına yardım” adlı layihə çərçivəsində konfrans təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Göyçay Rayon İcra Hakimiyyətinin, “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Göyçay Tarix Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə yerli icra hakimiyyətinin nümayəndələri, təhsil və səhiyyə işçiləri, din xadimləri, QHT fəalları, jurnalistlər və gənclər iştirak ediblər.
Konfransda çıxış edən “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə əvvəlcə layihənin məqsədi barədə məlumat verib. Qeyd edib ki, layihənin əsas məqsədi Azərbaycanda mövcud olan tolerant mühiti və multikultural dəyərləri təbliğ etmək, yeniyetmə və gənclər arasında dini maarifçilik işi aparmaqdır. O, həmçinin vurğulayıb ki, Azərbaycanda fəaliyyət göstərən kütləvi informasiya vasitələri heç vaxt dini və etnik ayrı-seçkiliyi təbliğ etməyib. Odur ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd ölkəmizdə hökm sürən sağlam mənəvi mühitin inkişafına töhfə verməkdir.
Yığıncaqda çıxış edən "Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov bildirib ki, Azərbaycan mədəniyyətlərin qovuşduğu məkanda yerləşdiyi üçün həmişə dinlər və sivilizasiyalar arasında aparıcı rol oynayır. Birliyin sədri xüsusən gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlərin əhəmiyyətindən danışıb.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə üzrə nümayəndəsi Əzim Rəfiyev bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsindən və bu münasibətlə maarifləndirmə tədbirlərinin aparılmasının vacibliyindən söhbət açıb.
Konfransda çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin məsul işçisi Vüsal Zöhrabov rayonda dini durumun vəziyyəti barədə məlumat verərək bildirib ki, Göyçay dindarları arasında xoş münasibət mövcuddur. Rayonda dini dəyərlərimizə qarşı heç bir radikal meyillər mövcud deyil. Odur ki, belə tədbirlərin tez-tez keçirilməsi gənc nəslin İslam sivilizasiyasını daha dərindən dərk etməsinə təkan verəcək.
Sonda çıxış edən Göyçay Yuxarı Məscid dini icmasının sədri Rəsul Kazımov, Göyçay Mərkəzi Məscid dini icmasının sədri Müşfiq Əsgərov və başqaları gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlərin xüsusi əhəmiyyətindən danışıblar.
Qarşılıqlı müzakirə şəraitində keçən tədbirin sonunda iştirakçıların fikirləri dinlənilib, onları maraqlandıran müxtəlif məzmunlu suallar cavablandırılıb.