AZƏRBAYCAN POLİSİ RUSİYA TƏRƏFİNDƏN AXTARIŞDA OLAN 6 CİNAYƏTKARI YAXALAMIŞDIR
Azərbaycan Daxili İşlər Nazirliyinin Rusiyadakı və MDB-nin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Bürosundakı səlahiyyətli nümayəndəsi Vaqif Şərifov AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişdir ki, MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurasının (MDB DİNŞ) növbəti, 33-cü iclası bu ilin iyununda Batumidə keçiriləcəkdir. Şuraya sədrlik edən Ramil Usubov Batumidə bu səlahiyyətləri gürcüstanlı həmkarı İvan Merabişviliyə təhvil verəcəkdir.
O demişdir ki, Azərbaycan MDB çərçivəsində hüquq mühafizə orqanları əməkdaşlığının fəal iştirakçısıdır və o, əməliyyat məlumatı mübadiləsi və MDB ərazisində gizlənən cinayətkarların tutulması sahəsində birliyin üzvü olan bütün dövlətlərin hüquq mühafizə orqanları ilə sıx qarşılıqlı əlaqə saxlayır. Onun sözlərinə görə, nazir Ramil Usubov həmkarları ilə əməkdaşlıqdan razıdır və müsbət nəticələr verən bu əməkdaşlığı transmilli cinayətkarlığa qarşı mübarizə sahəsində səmərəli metod hesab edir.
Vaqif Şərifov bildirmişdir ki, bu yaxınlarda Rusiya tərəfi MDB üzvü olan dövlətlərin Daxili İşlər Nazirlikləri ilə birlikdə genişmiqyaslı dövlətlərarası kompleks operativ-profilaktik əməliyyat keçirmişdir. Bu əməliyyat nəticəsində MDB-nin başqa dövlətlərinin daxili işlər orqanları tərəfindən axtarışda olan 185 cinayətkar Rusiya ərazisində yaxalanmışdır. Bunlardan 4 nəfəri Azərbaycan, 53-ü Ermənistan, 39-u Ukrayna, 35-i Belarus, 27-si Özbəkistan, 8-i Qazaxıstan, 7-si Tacikistan, 6-sı Qırğızıstan, 5-i Moldova və 1-i Türkmənistan polisi tərəfindən tutulmuşdur.
Vaqif Şərifov onu da bildirmişdir ki, birgə əməliyyat çərçivəsində Azərbaycan polisi Rusiya tərəfindən axtarışda olan 6 nəfəri tutub saxlamışdır.
Bu cür birgə tədbirlərin və sıx əməkdaşlığın davam edəcəyini deyən V.Şərifov MDB hüquq mühafizə orqanlarının iştirakı ilə mütəşəkkil və transmilli cinayətkarlığa qarşı mübarizəyə yönəlmiş bir sıra müştərək tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu da söyləmişdir.