AZƏRBAYCAN-POLŞA ƏLAQƏLƏRİ SÜRƏTLƏ İNKİŞAF EDİR
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Polşada rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovu iyunun 13-də Polşanın Prezidenti Lex Kaçinski qəbul etmişdir.
Prezident Lex Kaçinski Azərbaycanın Polşanın strateji tərəfdaşı olduğunu qeyd edərək, son iki ildə Prezident İlham Əliyevlə aralarında son dərəcə səmərəli və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın formalaşdığını, enerji təhlükəsizliyi sahəsində Azərbaycanın yalnız Polşa üçün deyil, bütünlükdə Avropa İttifaqına üzv olan ölkələr üçün geniş imkanlar açdığını məmnunluqla qeyd etmişdir. Prezident Lex Kaçinski ötən ilin mayında Krakovda başlanan enerji əməkdaşlığının Vilnüs və Kiyevdən sonra Bakıda davam etdirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını Polşa dövlətinin başçısına çatdıran nazir E.Məmmədyarov, Azərbaycan-Polşa münasibətlərinin intensiv inkişafının Azərbaycanın Avropa ilə daha sıx inteqrasiyası baxımından qarşısına qoyduğu məqsədlərə tam cavab verdiyini diqqətə çatdırmışdır.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, regional əməkdaşlıq, beynəlxalq təhdid və risklərə qarşı birgə mübarizə, enerji dialoqu və s. qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır.
Həmin gün E.Məmmədyarov Polşa Seyminin sədrinin müavini Y.Kalinovski ilə görüşmüşdür.
Y.Kalinovski Azərbaycan-Polşa əlaqələrinin bütün sahələrdə sürətlə inkişaf etdiyini, hazırda Polşa Seymində Polşa-Azərbaycan dostluq qrupunun fəaliyyət göstərdiyini, beynəlxalq parlament qurumlarında ölkələrimizin qanunvericilik orqanları üzvlərinin səmərəli əməkdaşlıq etdiklərini diqqətə çatdırmışdır.
Görüşdə Polşa ilə Azərbaycan arasında əməkdaşlıq baxımından daha böyük imkanların olduğu vurğulanmış, konkret sahələrdə işbirliyinin həyata keçirilməsi üçün hər iki tərəfin hazır olduğu qeyd edilmişdir.
Nazir E.Məmmədyarov son illərdə Azərbaycanda həyata keçirilən irimiqyaslı islahatlar barədə məlumat verərək, Azərbaycanın yalnız enerji sahəsində deyil, digər sahələrdə də Polşa və Avropa İttifaqı üzvü olan digər ölkələrlə hərtərəfli əməkdaşlığa hazır olduğunu bildirmişdir.
Polşaya rəsmi səfərini başa çatdıran xarici işlər naziri E.Məmmədyarov həmin gün Vətənə dönmüşdür.