AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İRANIN XARİCİ İŞLƏR NAZİRİ MƏNUÇEHR MOTTƏKİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Prezident sarayında İran İslam Respublikasının xarici işlər naziri Mənuçehr Mottəkini qəbul etmişdir.
İran Prezidenti Mahmud Əhmədinejadın səmimi salamlarını dövlətimizin başçısına çatdıran qonaq ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. O, qeyd etdi ki, təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsi siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycanda əlamətdar hadisənin, parlament seçkilərinin müvəffəqiyyətlə başa çatdığını söyləyən Mənuçehr Mottəki parlament seçkilərinin uğurla keçməsi münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. O, əmin olduğunu bildirdi ki, Azərbaycan ilə İran arasında əlaqələr bundan sonra da uğurla inkişaf edəcəkdir.
İki ölkə arasındakı münasibətlərin inkişaf etdiyini nəzərə çarpdıran dövlətimizin başçısı bu ilin əvvəlində İrana rəsmi səfərini məmnunluqla xatırladı, səfər zamanı keçirdiyi görüşlərin, imzalanmış sənədlərin əməkdaşlığımızın genişləndirilməsi üçün möhkəm zəmin yaratdığını bildirdi. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin iki ölkə arasında əlaqələrin inkişafında böyük xidmətləri olduğunu vurğulayaraq, bu siyasətin bu gün də davam etdirildiyini bildirdi. Prezident İlham Əliyev İranda Prezident seçkilərindən sonra keçən qısa müddət ərzində İranın xarici işlər nazirinin ölkəmizə səfər etməsini ikitərəfli münasibətlərimizin yüksək səviyyəsinin göstəricisi olduğunu qeyd etdi. İqtisadi sahədə imzalanmış sazişlərin artıq müvəffəqiyyətlə icra olunduğunu vurğulayan Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, ölkələrimiz arasındakı əlaqələr bundan sonra da uğurla inkişaf edəcəkdir.
Səmimi salamlara görə minnətdarlığını bildirən Prezident İlham Əliyev onun da salamlarını Prezident Mahmud Əhmədinejada çatdırmağı xahiş etdi.