RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Bakı, 9 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin dinamik şəkildə inkişaf etdiyini, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlərin uğurla həll olunduğunu vurğuladı. Əlaqələrimizin inkişafında qarşılıqlı səfərlərin önəmini qeyd edən Prezident İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun ölkəmizə səfərinin Azərbaycan ilə Rusiya arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.
Xanım Valentina Matviyenko ölkəmizə səfəri zamanı ikitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsi ilə bağlı səmərəli müzakirələr apardıqlarını vurğuladı. O, Azərbaycan Prezidenti İlham Əliyevin MDB ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə ötən ilin dekabrında Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının qərarı ilə təşkilatın “Birlik” ordeninə layiq görüldüyünü dedi və ordeni dövlətimizin başçısına təqdim etdi.
Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının yüksək ordeni ilə təltif olunması ilə bağlı təşkilatın qərarına görə minnətdarlığını bildirən Prezident İlham Əliyev bunu MDB məkanında əməkdaşlığın genişləndirilməsində Azərbaycanın fəaliyyətinə verilən qiymət kimi dəyərləndirdi.