RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ QAZAXISTAN PREZİDENTİ NURSULTAN NAZARBAYEVİN GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 17-də Antalyada, Türkdilli ölkələrin dövlət başçılarının VIII zirvə görüşü çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi, iqtisadi əlaqələrin genişləndiyi, ticari-iqtisadi əlaqələrin daha da dərinləşməsi üçün böyük potensialın olduğu vurğulandı, energetika məsələlərinə toxunuldu. Bildirildi ki, Azərbaycan ilə Qazaxıstanın qlobal enerji layihələrində birgə iştirakı, bu sahədə əməkdaşlığı bölgədə sülhün və sabitliyin qorunmasına xidmət edir, bütün region üçün böyük əhəmiyyət daşıyır.
Dövlət başçılarının VIII zirvə görüşünün türkdilli ölkələr və xalqlar arasında əməkdaşlığın genişlənməsinə xidmət etdiyini vurğulayan prezidentlər ölkələrimizin əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə və daha da möhkəmlənəcəyinə əmin olduqlarını bildirdilər.
Prezident Nursultan Nazarbayev Azərbaycanın neft-qaz sahəsində böyük təcrübəyə malik olduğunu vurğuladı, Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət etdi.
Dəvət məmnunluqla qəbul olundu.