AZƏRBAYCAN PREZİDENTİNİN QARŞIYA QOYDUĞU VƏZİFƏLƏR QARADAĞ RAYONUNDA UĞURLA YERİNƏ YETİRİLİR
AZƏRTAC xəbər verir ki, aprelin 22-də Qaradağ Rayon İcra Hakimiyyətində cari ilin birinci rübündə görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Hüseyn İsrafilovun məruzəsi dinlənilmişdir. Məruzəçi vurğulamışdır ki, ölkə iqtisadiyyatında baş vermiş sürətli inkişaf Qaradağ rayonunun sosial-iqtisadi həyatını da canlandırmışdır. Rayon sakinlərinin qarşılaşdıqları sosial problemlərin həlli istiqamətində konkret addımlar atılmışdır.
Bildirilmişdir ki, mövcud imkanlardan, əmək ehtiyatlarından, iqtisadi resurslardan kifayət qədər səmərəli istifadə edilməsi nəticəsində bu ilin yanvar-martında sənayedə məhsul istehsalının ümumi həcmi 66 milyon manat olmuşdur ki, bu da 2004-cü ilin müvafiq dövrünə nisbətən 129,1 faiz çoxdur. Hesabat dövründə rayonda çalışan işçilərin orta aylıq əmək haqqı 10,9 faiz artaraq, 395,1 manat təşkil etmişdir.
Diqqətə çatdırılmışdır ki, işsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində son dörd ildə rayonda 4489 yeni iş yeri açılmışdır.
Məruzəçi məlumat vermişdir ki, ötən üç ayda əsaslı kapitala keçən ilin eyni dövrü ilə müqayisədə 152 faiz çox - 22294,4 min manat məbləğində investisiya yönəldilmişdir.
Cari ilin birinci rübündə rayon ərazisindəki neft müəssisələri tərəfindən 134,4 min ton “qara qızıl” hasil edilmişdir ki, bu da 2007-ci ilin müvafiq dövrünə nisbətən 101,9 faiz artıma nail olmaq deməkdir.
Hazırda Səngəcal qəsəbəsində 300 meqavatlıq modul elektrik stansiyasının tikintisi başa çatmaq üzrədir. Ələt qəsəbəsində yeni Bakı Dəniz Limanının və Puta qəsəbəsində metanol zavodunun tikintisinə hazırlıq işləri aparılır.
Əhalinin qaz təchizatını yaxşılaşdırmaq və bu prosesdə fasiləsizliyi təmin etmək üçün rayonun bütün qəsəbələrində qaz şəbəkəsi təftiş olunmuş, təmir işləri aparılmış, 1514 poqonmetr yeni qaz xətti çəkilmişdir. Hesabat dövründə rayonda 1067 poqonmetr binadaxili su xətti, 2 su anbarı təmir edilmiş, 2 elektrik güc transformatoru təmir olunmuş, 2 transformator məntəqəsi tikilmiş, 2 yeni transformator quraşdırılmışdır.
Enerji daşıyıcılarının haqqının ödənilməsi səviyyəsinin artırılması məqsədi ilə yaradılmış qərargahın mütəmadi iclasları keçirilmiş, yaranmış problemlərin həlli üçün müvafiq tədbirlər görülmüş, nəticədə 2008-ci ilin yanvar-martında elektrik enerjisi haqlarının yığımı ümumilikdə 77 faiz (ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz çox), təbii qaz haqqının yığımı isə 44 faiz (ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz çox) olmuşdur.
Görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışan natiq rayonda mövcud olan problemlərə də toxunmuşdur. H.İsrafilov sahibkarlığın inkişafı, məşğulluq probleminin həlli, təhsil, səhiyyə və mədəniyyət, gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər, vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması, rayonda aparılan abadlıq və quruculuq işləri, əlillərin, şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi istiqamətində atılmış addımlardan söz açmışdır.
Məruzə ətrafında çıxış edən idarə və müəssisələrin rəhbərləri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi inkişafına yönəlmiş tədbirlərin respublikamızın hər yerində olduğu kimi, Qaradağ rayonunda da davam etdiriləcəyini vurğulamışlar.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.