İQTİSADİYYAT
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xaricdə təhsillə bağlı Təqaüd Proqramı müsabiqə komissiyasının növbəti iclası keçirilmişdir
Bakı, 31 iyul (AZƏRTAC). İyulun 31-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) xaricdə təhsillə bağlı Təqaüd Proqramı müsabiqə komissiyasının növbəti iclası keçirilmişdir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, istedadlı və perspektivli gənclərin ARDNŞ-in vəsaiti hesabına xarici ölkələrin aparıcı universitetlərində təhsilini təşkil etmək məqsədi ilə Təqaüd Proqramı çərçivəsində həyata keçirilən işlər uğurla davam etdirilir.
İclasda Təqaüd Proqramı çərçivəsində Böyük Britaniyanın Esseks və Lids Universitetlərində, eləcə də Hollandiyanın Erasmus Rotterdam Universitetində təhsillərini müvəffəqiyyətlə başa vurmuş Tural Nəzirov, Şaiq Mürsəlzadə, Qoşqar Qurbanov və Ülviyyə Quluzadə təhsil aldıqları ixtisas və ali təhsil ocaqları, həmçinin Azərbaycanın təbliği yönündə ictimai fəaliyyətləri barədə komissiya üzvlərinə ətraflı məlumat vermişlər.
Daha sonra Proqrama qoşulmaq üçün müraciət etmiş 17 namizəd komissiya üzvlərinin suallarını cavablandırmış, seçdikləri ixtisas və ali təhsil müəssisələri barədə ətraflı məlumat vermişlər. Komissiyaya müraciət etmiş tələbələrdən 11-i magistr, 6-sı isə bakalavr dərəcəsi olmaqla mühəndislik, iqtisadiyyat, ekologiya, gəmiçilik və insan resursları ixtisasları üzrə Böyük Britaniya, Fransa, Almaniya və Ukrayna universitetlərində təhsil almaq arzusundadırlar. Komissiya tərəfindən müsbət rəy almış gənclər şirkətin maliyyə vəsaiti hesabına xarici universitetlərdə təhsil alacaqlar.