SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASI XARİCİ İŞLƏR NAZİRLİYİNİN BƏYANATI
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İraqın Nəcəf şəhərində yerləşən İmam Əli məscidi qarşısında baş vermiş və onlarca dinc insanın, o cümlədən İraq şiələrinin lideri Məhəmməd Bəkr əl-Hakimin ölümünə səbəb olmuş terror aktını qətiyyətlə pislədiyini bəyan edir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi islamın müqəddəs yerlərindən birində törədilmiş bu dəhşətli terror aktını məkrli addım kimi qiymətləndirir.
Dəfələrlə erməni terrorçularının hədəfinə çevrilmiş Azərbaycan xalqı, İraqda vətəndaş cəmiyyətinin qurulması, ölkənin xaos və terror burulğanından çıxarılması işinə öz töhfəsini verən Azərbaycan Respublikası bu məqsədlə İraqa öz sülhməramlı qüvvələrini göndərmişdir.
Azərbaycan Xarici İşlər Nazirliyi ölkəmizin bundan sonra da beynəlxalq terrorizmə qarşı mübarizədə dünya birliyinin səylərini dəstəkləyəcəyini bir daha bəyan edir.