SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASI XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
XİN-in mətbuat mərkəzindən AZƏRTAC-a daxil olan məlumatda deyilir ki, Abdurəhman Çodhurini yeni təyinatı münasibətilə təbrik edən Vilayət Quliyev Azərbaycanın BMT ilə əlaqələrinin inkişafına böyük əhəmiyyət verdiyini vurğulamış, Ümumdünya Ərzaq Proqramının ölkəmizdə fəaliyyətinin genişlənəcəyinə və səmərəli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əmin olduğunu bildirmişdir.
Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə də toxunmuş, ölkəmizin ərazisinin xeyli hissəsinin - münbit torpaqların işğal edildiyini, problemin həll olunmamasının bütövlükdə regionun inkişafına maneə törətdiyini vurğulamışdır.
Abdurəhman Çodhuri başçılıq etdiyi missiyanın BMT-nin bu proqramı çərçivəsində Azərbaycanda birgə layihələrin həyata keçirilməsinə və bu istiqamətdə respublika hökuməti ilə əməkdaşlığın və qarşılıqlı surətdə faydalı əlaqələrin inkişaf etdirilməsinə tərəfdar olduğunu bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunmuşdur.