İQTİSADİYYAT
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin insan resursları departamentində əmək münasibətlərinin tənzimlənməsinə həsr olunmuş görüş keçirilmişdir
Bakı, 2 avqust (AZƏRTAC). Avqustun 2-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) insan resursları departamentində bir sıra qeyri-hökumət təşkilatları rəhbərlərinin iştirakı ilə əmək münasibətlərinin tənzimlənməsində pozuntulara yol verildiyini iddia edən bir qrup neftçi (əsasən qadınlar) ilə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, görüşdə iddiaçıların müraciətləri dinlənilmiş, onları maraqlandıran suallar ətraflı cavablandırılmış və müvafiq təkliflər müzakirə edilmişdir.
Görüşdə ARDNŞ rəhbərliyinin tapşırığına əsasən, iddiaların araşdırılmasına dair komissiyanın yaradıldığı bildirilmişdir. Qeyd olunmuşdur ki, aparılan araşdırmanın nəticələri, habelə bundan irəli gələn müvafiq tədbirlər haqqında ictimaiyyətə məlumat veriləcəkdir.
İnsan resursları departamentinin rəisi Asif Bəkirli görüşdə çıxış edərək bildirmişdir ki, indiyədək departamentin əməkdaşları tərəfindən tarif-ixtisas komissiyalarının (əməyin ödənilməsi dərəcəsinin baxılması üzrə məsul orqan) iştirakçıları ilə, habelə karyeranın idarə edilməsi layihəsinin pilot versiyasının tətbiq edildiyi müəssisələrdə son bir il ərzində öz xahişi ilə işdən çıxmış şəxslərlə telefon vasitəsilə, həmçinin yeni işə qəbul edilmiş və azı 2 ay işləmiş əməkdaşlarla yazılı qaydada müxtəlif təyinatlı sorğular keçirilmişdir. Həmçinin “Azneft” İstehsalat Birliyində çalışan 1672 nəfər əməkdaşla ənənəvi üsulla və elektron qaydada məmnunluq sorğusu keçirilmişdir.
İşçilərin əmək şəraitinin yaxşılaşdırılmasına, əmək münasibətlərinin daha səmərəli tənzimlənməsinə, tətbiq edilən kadr idarəçiliyi proseslərinin keyfiyyətinin yüksəldilməsinə və bununla da işçilərin loyallığının artırılmasına xidmət edən bu sorğuların nəticələri xüsusi proqram təminatı vasitəsilə təhlil edilərək ümumiləşdirilmişdir.
Bildirilmişdir ki, insan resursları departamentində təkcə 2012-ci ildə 2 min 418 nəfər qəbul olunaraq dinlənilmiş, onların müraciətlərinə baxılmış, ARDNŞ-in tabeçiliyindəki müxtəlif müəssisə və təşkilatlarda 116 dəfə kollektiv və fərdi qaydada görüşlər keçirilmişdir.
Tədbirdə, həmçinin bildirilmişdir ki, şirkət əməkdaşları ilə əlaqələrin daha sıx qurulması və səmərəli idarə edilməsi məqsədi ilə elektron portalın yaradılması nəzərdə tutulur. Artıq bununla bağlı müvafiq tapşırıq əsasında texniki şərt hazırlanmışdır.
Görüşdə iştirak edən QHT rəhbərləri ARDNŞ rəhbərliyinin bu təşəbbüsünü və müraciətlərin araşdırılması haqqında tapşırığını yüksək qiymətləndirmiş, bunun şirkətdə hər bir əməkdaşa diqqət və qayğı ilə yanaşılmasının bariz göstəricisi olduğunu söyləmişlər.
Tədbirdə belə bir əminlik ifadə olunmuşdur ki, əmək münasibətlərindən irəli gələn şikayət və müraciətlərin vaxtında, obyektiv və ədalətli araşdırılması təcrübəsi ARDNŞ-də bundan sonra da davam etdiriləcəkdir.