AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
İcazə verin, Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar Beynəlxalq Uşaq Fondları Assosiasiyası adından Sizə - böyük atanın oğluna, Azərbaycan Prezidentinə, habelə respublikanızın xalqına və övladlarına dərin hüznlə başsağlığı verim. Keçmiş Sovet İttifaqının Uşaq Fondu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Sov.İKP MK Siyasi Bürosunun üzvü vəzifəsində Heydər Əlirza oğlunun binəsib uşaqlara göstərdiyi böyük, həqiqətən, atalıq münasibətini xatırlayır və qəlbində saxlayır. Onda o, yetim uşaqlar barədə Siyasi Büroya göndərdiyim məktuba çox böyük maraqla, ilhamla baxdı, Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin bu mövzuda qərarının hazırlanmasını qısa müddətdə təşkil etdi. Həmin qərar postsovet məkanında indiyədək əsas sənəd olaraq qalır. O unudulmaz günlərdə mən Heydər Əlirza oğlu ilə dəfələrlə görüşmüşdüm və onun uşaqların problemlərinə həqiqi dövlət, vətəndaş, əsl atalıq münasibəti göstərdiyini, yüksək insani səmimiliyə, müdrikliyə malik olduğunu əyani şəkildə gördüm. Yadınızda olduğu kimi, onun Moskvada olduğu son illərdə biz xəstəxanada görüşmüşdük. O illər Heydər Əlirza oğlunun heç də ən yaxşı illəri deyildi. Lakin uzaqgörməz, gəldi-gedər rəhbərlərin xainliyinə onun necə mərdliklə tab gətirdiyini, onun yorğun ürəyində nə qədər tükənməz enerji olduğunu əyani şəkildə yəqin etdim. Sonralar biz Azərbaycan xalqının Heydər Əlirza oğluna necə səcdə qıldığını, ondan ölkəyə başçılıq etməsini necə xahiş etdiyini məhəbbətlə, diqqətlə izləyirdik. Heydər Əliyevin müdrikliyi, çox zəngin siyasi, iqtisadi təcrübəsi yenə də Azərbaycan xalqına xidmətə gəldi. Biz hesab edirik ki, bu, Heydər Əlirza oğlunun yüksəlişinin zirvəsi, ən uca nöqtəsi idi. Əlbəttə, bütün MDB ölkələrinin yetim uşaqlarının onların taleyində Heydər Əlirza oğlunun necə böyük rol oynadığından xəbərləri ola bilməz, lakin Beynəlxalq Uşaq Fondları Assosiasiyası olaraq biz buna şahidik.
Uşaqların həqiqi, səmimi müdafiəçisi və qayğıkeşi kimi Heydər Əlirza oğlunun xatirəsi yaddaşımızda, qəlbimizdə həmişəlik qalacaqdır.
Albert Lixanov,
Beynəlxalq Uşaq Fondları Assosiasiyasının
prezidenti, yazıçı, akademik.
Moskva, 13 dekabr 2003-cü il.