ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universiteti CDIO Təşəbbüsü Universitetlər Şəbəkəsinə üzv qəbul olunub
![Azərbaycan Texniki Universiteti CDIO Təşəbbüsü Universitetlər Şəbəkəsinə üzv qəbul olunub](/files/2022/1/1200x630/16451652545988140678_1200x630.jpg)
Bakı, 18 fevral, AZƏRTAC
Azərbaycan Texniki Universiteti (AzTU) CDIO (Öyrən-Layihələndir-Reallaşdır-İşlət) Təşəbbüsü Universitetlər Şəbəkəsinə üzv qəbul olunub.
Bu barədə AZƏRTAC-a AzTU-dan məlumat verilib. Bildirilib ki, CDIO Təşəbbüsü Universitetlər Şəbəkəsi yeni nəsil mühəndis hazırlığında qabaqcıl ənənələrin daşıyıcısıdır. Massaçusets Texnologiya İnstitutunun təşəbbüsü ilə yaradılan CDIO ailəsinə 100-dən çox ən qabaqcıl texniki ali məktəb daxildir.
AzTU regionda bu şəbəkəyə daxil olan ilk texniki universitetdir.
CDIO ailəsinə üzv qəbul olunmaq AzTU-ya dünyanın mühəndislik sahəsində zəngin ənənələrə malik universitetlərinin təcrübələrindən yararlanmaq imkanı yaradacaq. Bu, eyni zamanda, universitet-sənaye işbirliyinin reallaşması üçün təhsil proqramlarının köklü dəyişdirilməsinə vəsilə olacaq.