SİYASƏT
Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan xarici işlər nazirləri Misirdəki vəziyyətlə bağlı birgə Bəyanat qəbul etmişlər
Bakı, 16 avqust (AZƏRTAC). Türkdilli Dövlətlərin Xarici İşlər Nazirləri Şurasının avqustun 15-də Qəbələdə keçirilən iclasında Misirdəki vəziyyətlə bağlı Bəyanat qəbul olunmuşdur.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Bəyanatda deyilir: “Biz Misirdə davam edən nümayişlərə cavab olaraq gücdən istifadə nəticəsində insanların həyatını itirməsi və yaralanmasından təəssüflənirik. Hesab edirik ki, mülki şəxslərin həlak olması qəbuledilməzdir. Öldürülən şəxslərin ailələrinə başsağlığı veririk, eyni zamanda, yaralanan şəxslərin tam və tezliklə sağalmasını arzu edirik. Biz ölkədə barışın həyata keçirilməsinə zəruri ehtiyacın olduğunu vurğulayır və təhlükəsizlik, demokratiya və sabitliyin bərpa olunmasına çağırırıq”.