Azərbaycan ümum-Avropa enerji təchizatçısı statusunu daha da möhkəmləndirir - ŞƏRH
Bakı, 4 mart, AZƏRTAC
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü nazirlər iclasında müzakirə olunan məsələlər bir daha Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını göstərdi. “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün İtaliyanın "CESİ" şirkəti məsləhətçi şirkət kimi seçilib. Texniki-iqtisadi əsaslandırma 2027-ci ilin əvvəllərində yekunlaşması planlaşdırılıb.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Bakıda fəaliyyət göstərən Özbəkistan Ticarət evinin rəhbəri Ramin Şərifov deyib.
Onun sözlərinə görə, “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi layihəsi çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsi və Avropaya yaşıl enerji marşrutunun yaradılması qlobal xarakter daşıyan bir layihədir.
“2032-ci ildən etibarən mərhələli şəkildə istismara veriləcək “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi ilə Avropa bazarına elektrik enerjisi ötürüləcək. Azərbaycana yatırılan sərmayənin hesabına 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisinin əldə edilməsi gözlənilir. Bu potensiala Mərkəzə Asiyada istehsal olunan alternativ enerji də əlavə olunsa, Avropaya kifayət qədər elektrik enerjisi ixrac oluna bilər. Son 5 il ərzində Özbəkistanda alternativ enerji istehsalına 25 milyard dollar həcmində investisiya yatırılıb və ümumi istehsalda alternativ enerjinin payı 50 faizdir. Bu gün Özbəkistanda ildə 25 giqavat təmiz enerji istehsal olunur. Bununla yanaşı Qazaxıstanın potensialını da nəzərə alsaq Avropanın enerji təhlükəsizliyinin təminatı üçün möhkəm zəmin yaradıldığını deyə bilərik. Azərbaycanın həm enerji istehsalı, həm də tranzit potensialı mövcuddur. Bakıda keçirilən görüşlər mahiyyət etibarilə Avrasiyanın yeni enerji arxitekturasını formalaşdırıb. Bu prosesdə Azərbaycan mühüm, sistem əhəmiyyətli və proqnozlaşdırıla bilən ümum-Avropa enerji təchizatçısı statusunu daha da möhkəmləndirir”, - deyə Ramin Şərifov vurğulayıb.