AZƏRBAYCAN VƏ AVSTRİYA ARASINDA ƏMƏKDAŞLIĞIN GENİŞLƏNDİRİLMƏSİ ÜÇÜN İMKANLAR BÖYÜKDÜR
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir Heydər Babayev Avstriya-Azərbaycan dostluq qrupunun rəhbəri Karl Ollingerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Nazir Heydər Babayev qonaqlara ölkə iqtisadiyyatı, aparılan islahatlar və əldə olunmuş uğurlar barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, Azərbaycanda neft sektoru ilə yanaşı, qeyri-neft sektoru da uğurla inkişaf etdirilir. 2007-ci ildə qeyri-neft sektoru üzrə artım 11 faiz təşkil etmişdir. Neftdən əldə olunan gəlirlər ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına, qeyri-neft sektorunun və insan resurslarının inkişafına yönəldilir. Yeni təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələri istifadəyə verilir, infrastruktur layihələri həyata keçirilir.
Hazırda dünyanın müxtəlif ölkələrində, eləcə də Avropada azərbaycanlı gənclərin təhsil aldığını deyən nazir bildirdi ki, dövlətimizin başçısı İlham Əliyevin ötən il aprelin 16-da imzaladığı “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2015-ci ilədək 5 min azərbaycanlı gəncin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alması nəzərdə tutulmuşdur. Bu, ölkəmizdə yüksək ixtisaslı kadrlara olan tələbatın ödənilməsində mühüm addımdır.
H.Babayev vurğuladı ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi, dinamik iqtisadi inkişaf Avropa ölkələri ilə, eləcə də Avstriya ilə əməkdaşlığın genişləndirilməsinə yeni imkanlar açır. Azərbaycanda Avstriya nümayəndəliyinin açılması iki ölkə arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir.
Avstriya-Azərbaycan dostluq qrupunun rəhbəri Karl Ollinger ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edərək, Azərbaycanın sürətli iqtisadi inkişafını və genişmiqyaslı tikinti-quruculuq işlərini müsbət qiymətləndirmişdir. K.Ollinger ölkəsi üçün etibarlı tərəfdaş olan Azərbaycanda qazanılan uğurların diqqət mərkəzində olduğunu, rəhbərlik etdiyi dostluq qrupunun iqtisadi əlaqələrin genişlənməsi üçün hər cür dəstək göstərməyə hazır olduğunu vurğulamışdır.