Azərbaycan və Çexiyanın universitetləri doktorant mübadiləsi aparacaq
Bakı, 3 aprel, AZƏRTAC
Aprelin 3-də Bakı Slavyan Universiteti (BSU) ilə Çexiyanın Ostrava Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
BSU-dan AZƏRTAC-a bildirilib ki, imzalanma mərsimində bu universitetin rektoru, professor Nurlana Əliyeva rəhbərlik etdiyi ali təhsil ocağının beynəlxalq əlaqələrindən danışıb. Diqqətə çatdırıb ki, BSU slavyan ölkələrinin, o cümlədən Çexiyanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir. 2012-ci ildə “ERASMUS +” proqramı çərçivəsində BSU ilə Ostrava Universitetinin fəlsəfə fakültəsi arasında müqavilənin imzalandığını xatırladan rektor vurğulayıb ki, həmin sənədə əsasən müəllim və tələbə mübadiləsi, birgə elmi nəşrlərin hazırlanması və bir sıra digər layihələr həyata keçirilib. N.Əliyeva deyib: “Yeni müqaviləyə əsasən, BSU və Ostrava Universiteti doktorant mübadiləsi aparacaq”.
Ostrava Universitetinin professoru Vityezlav Vilimek diqqətə çatdırıb ki, təmsil etdiyi ali təhsil ocağı artıq dünyanın bir çox tanınmış universitetləri ilə sıx əlaqələr qurub. O, BSU tərəfindən Çexiyada Azərbaycanşünaslıq Mərkəzinin açılması barədə qərardan məmnunluğunu bildirib. V.Vilimek deyib: “BSU müəllimlərinin Ostrava Universitetində Azərbaycan dilini tədris etmələri ölkələrimiz arasındakı münasibətlərdə yeni mərhələ yaradacaq”.