CƏMİYYƏT
Azərbaycan və İran arasında dini sahədə ikitərəfli əlaqələr müzakirə olunacaqdır
Bakı, 14 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərovun İran İslam Respublikasının mədəniyyət və irşad naziri Əli Cənnətinin dəvəti ilə sentyabrın 14-də bu ölkəyə səfəri başlamışdır.
DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfər çərçivəsində İranın yeni hökumətinin üzvləri ilə keçiriləcək yüksək səviyyəli görüşlərdə Azərbaycan və İran arasında dini sahədə ikitərəfli əlaqələrin, milli mənəvi, mədəni münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi nəzərdə tutulmuşdur.
E.İskəndərov mədəniyyət və irşad naziri Əli Cənnəti, xarici işlər naziri Cavad Zərif, İslam Mədəniyyəti və Əməkdaşlıq təşkilatının sədri Məhəmmədbaqir Xürrəmşad və digər rəsmi şəxslərlə görüşəcəkdir. Səfər zamanı, həmçinin DQİDK-nın sədrinin Qum şəhərində dini təhsil alan azərbaycanlı tələbələrlə görüşü, eləcə də İranın müvafiq dövlət qurumları ilə ikitərəfli əlaqələrin inkişafına dair bir sıra layihələrin müzakirəsi gözlənilir.