Azərbaycan və Macarıstan alimləri mənfi təzyiq dalğalarını birgə öyrənirlər
Bakı, 12 aprel, AZƏRTAC
Azərbaycan və Macarıstan alimləri yerin altındakı ekstremal geofiziki proseslərin, o cümlədən zəlzələ, vulkan püskürmələri, qeyzer və digər təbiət hadisələrinin baş verməsində mənfi təzyiq dalğalarının rolunu öyrənməyə çalışırlar. Bu cür dalğalar milyon illər ərzində çox ləng gedən geoloji proseslərin fonunda ani oyanmaların səbəbkarı kimi müşahidə edilir.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ), Bakı Ali Neft Məktəbi və Macarıstan Elmlər
Akademiyası Enerji Tədqiqatları Mərkəzinin (ETM) əməkdaşları tərəfindən aparılan işlər “Geoloji mühitdə mənfi təzyiq dalğalarının aşkarlanması, qeyd olunması və izlənilməsi üsullarının və texniki sisteminin işlənilməsi” adlı proqram çərçivəsində həyata keçirilir.
İki illik proqram Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə icra olunur.
GGİ-dən AZƏRTAC-a bildiriblər ki, AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirovun sözlərinə görə, mənfi təzyiq dalğaları ən az öyrənilmiş məsələlərdən biridir. Alim onların yaranmasına təkan verən amillərin müxtəlif növ geodinamik proseslərin nəticəsində baş verən tektonik yerdəyişmələr, qırılmalar, flüid dinamikası və süxurların yerdəyişməsinin ola biləcəyini qeyd edib. Mənfin təzyiq dalğasının yarandığı nöqtədən kifayət qədər uzaqda yerləşən ocaqda yeraltı mühitin “həyəcanlanması”na səbəb ola bildiyini söyləyən F.Qədirov onun fəsadlarından danışıb. Neft quyularının qazılması və istismarı zamanı bu cür təzyiq təzahürlərinin miqyasını müşahidə etməyin mümkünlüyü vurğulanıb.
F.Qədirov GGİ-də Macarıstan ETM-in aparıcı elmi işçisi, professor İmre Atilla Karoli ilə keçirilən görüşdən danışıb. Tədbirdə elmi tədqiqat proqramının imkan və hədəflərinin müzakirə olunduğunu diqqətə çatdırıb. Macarıstanlı alim “Geoloji mühitdə mənfi təzyiq dalğaları altında maye sistemi” mövzusunda məruzə ilə çıxış edib, bu istiqamətdə apardığı tədqiqatlardan və əldə olunan uğurlu nəticələrdən söz açıb.
Görüşdə tədqiqatların nəticəsində geoloji mühitin idarə edilməsi üzrə yeni yanaşmaların hazırlanmasının nəzərdə tutulduğu qeyd edilib, hazırda alimlərin qarşısında duran məsələlərdən danışılıb.