SİYASƏT
Azərbaycan və Tacikistan universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur
Bakı, 14 sentyabr (AZƏRTAC). Sentyabrın 14-də Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin Milli Dövlət Universitetinin (TR MDU) rektoru Muxammadyusif İmamovla görüşmüşdür.
Muxammadyusif İmamov rektor təyin olunandan sonra Abbasəli Həsənovun onun görüşdüyü ilk səfir olduğundan məmnunluğunu bildirmişdir. O qeyd etmişdir ki, universitetdə Nizami Gəncəvi, Məhsəti Gəncəvi haqqında çoxlu məlumatlar və əlyazmalar vardır.
Muxammadyusif İmamov Geologiya elminin Tacikistanda Azərbaycandakı qədər inkişaf etmədiyini və bu sahədə elmi təcrübə mübadiləsinin aparılmasının zəruriliyini vurğulamışdır.
Universitetlərarası əlaqələrə böyük əhəmiyyət verdiklərini deyən rektor Bakı Dövlət Universiteti ilə müxtəlif formada əməkdaşlığın yaradılmasının mümkünlüyünü bildirmişdir.
Abbasəli Həsənov Muxammadyusif İmamovu rektor vəzifəsinə təyin olunması münasibətilə təbrik etmiş, ona müvəffəqiyyətlər arzulamışdır.
A.Həsənov cari il iyulun 12-si və 13-də Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri zamanı imzalanmış 9 sənədin ikisinin təhsillə bağlı olduğunu xatırlatmışdır. Səfir Milli Dövlət Universitetində Nizamı Gəncəvi otağının yaradılması ilə bağlı rektorun təklifini dəstəklədiyini bildirmişdir.
Diplomat diqqətə çatdırmışdır ki, hazırda Nizami Gəncəvinin “Xəmsə”si dahi şairin 870 illiyi ilə əlaqədar səfirlik tərəfindən tacik dilində nəşr olunur. Bildirilmişdir ki, Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirdə Tacikistanın Mədəniyyət naziri M.Asrorinin rəhbərliyi etdiyi nümayəndə heyəti də iştirak edəcəkdir.
A.Həsənov, həmçinin Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə aparılan uğurlu islahatlar, quruculuq işləri haqqında rektora məlumat vermişdir.