AZƏRBAYCAN VƏ TÜRKİYƏ HƏMKARLAR İTTİFAQLARI ARASINDA ƏLAQƏLƏR GENİŞLƏNİR
AZƏRTAC xəbər verir ki, mayın 15-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ölkəmizdə səfərdə olan Türkiyənin “Koop-İş” Həmkarlar İttifaqının rəhbəri Eyyub Ələmdar ilə görüşmüşdür.
AHİK sədri Azərbaycan-Türkiyə əlaqələrindən danışmış, respublikamızda həyata keçirilən quruculuq işləri, iqtisadi islahatlar, eləcə də Dağlıq Qarabağ münaqişəsi barədə məlumat vermişdir.
Azərbaycan həmkarlar ittifaqlarının tarixindən söz açan S.Mehbalıyev bildirmişdir ki, ilk kollektiv müqavilə - “Mazut Konstitusiyası” neft sahibkarları ilə işçilər arasında XIX əsrin əvvəllərində məhz Bakıda imzalanmışdır. Bu ənənəni davam etdirən Azərbaycan həmkarlar ittifaqları konfederasiyası hər il Nazirlər Kabineti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası ilə Baş Kollektiv Saziş imzalayır. Sazişdə işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsi əsas yeri tutur. Sənəddə göstərilən şərtlərin tələblərinin yerinə yetirilməsi vaxtaşırı təhlil edilir, həmkarlar ittifaqı üzvlərinə və tərəfdaşlara çatdırılır.
Azərbaycan və Türkiyə həmkarlar ittifaqlarının qarşılıqlı əlaqələrindən söz açan AHİK sədri S.Mehbalıyev bu münasibətlərin gələcəkdə də inkişaf etdiriləcəyinə əminliyini vurğulamışdır.
Türkiyənin “Koop-İş” Həmkarlar İttifaqının rəhbəri Eyyub Ələmdar Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə, eyni zamanda, qardaş ölkələrimizin həmkarlar ittifaqları arasında yaranmış işgüzar münasibətlərin daha da genişlənəcəyinə əminliyini bildirmişdir.
Görüşdə həmkarlar ittifaqları rəhbərlərinin növbəti görüşünün Bakıda keçirilməsi məsələsi də müzakirə olunmuşdur.