CƏMİYYƏT
Azərbaycan və Türkiyə institutları su canlılarının öyrənilməsi sahəsində əməkdaşlıq edəcəklər
Bakı, 25 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi İnstitutu qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahəsində qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi, həmçinin qarşılıqlı bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə beynəlxalq təşkilatlar, xarici ölkələrin analoji qurumları, eləcə də elm müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi sahəsində fəaliyyətini davam etdirir.
Həmin fəaliyyət çərçivəsində institutun “Elmi Araşdırmalar Mərkəzi” departamenti ilə Türkiyə Respublikası İzmir Katib Çələbi Universiteti Su canlıları (balıqçılıq) fakültəsinin əməkdaşları arasında virtual formatda görüş keçirilib.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə hər iki qurum arasında balıqçılıq və akvakultura, balıq xəstəlikləri və onların diaqnostikası üzrə əməkdaşlığın qurulması, müvafiq sahədə elmi-tədqiqat layihələrinin işlənib hazırlanması və həyata keçirilməsi ilə əlaqədar məsələlər müzakirə olunub.
Görüşdə tərəflər arasında anlaşma memorandumunun imzalanması ilə bağlı razılıq əldə edilib.