SİYASƏT
AZƏRBAYCAN VƏ YƏHUDİ CƏMİYYƏTLƏRİ BİRGƏ FƏALİYYƏT GÖSTƏRMƏLİDİRLƏR
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Nazim İbrahimov rəhbərlik etdiyi qurumun gördüyü işlər, yəhudi icmaları ilə yaradılan əlaqələr barədə ətraflı məlumat vermişdir. O demişdir ki, Azərbaycandan köçüb getmiş yəhudilər doğulub boya-başa çatdıqları torpağı unutmur, daim Azərbaycanı düşünür və ölkəmizin qarşılaşdığı problemlərdə ona yardımçı olmağa çalışırlar.
Komitə üzvlərinin “Xayfa-Bakı”, “İsrail-Azərbaycan”, ABŞ-dakı “Amerikanın Azərbaycan yəhudiləri” cəmiyyətləri ilə keçirdikləri görüşlərdə bir sıra layihələrin birgə həyata keçirilməsi qərara alınmışdır. “Amerikanın Azərbaycan yəhudiləri” cəmiyyəti təsis etdikləri “Novıy Rubej” qəzetində daim Azərbaycan barədə məqalələr verir, “İsrail-Azərbaycan” Cəmiyyəti azərbaycanlı məcburi köçkünlərə yardım məqsədi ilə tədbirlər keçirir.
Nazim İbrahimov hələ birinci görüş zamanı Lord Caner rəhbərliyində təmsil olunduğu Ümumdünya Yəhudi Konqresi vasitəsilə Azərbaycan həqiqətlərinin bütün dünyaya yayılmasına səy göstərəcəyini vəd etmiş və Dövlət Komitəsini, eləcə də xaricdəki Azərbaycan icma və təşkilatlarını yəhudi diasporu ilə sıx əməkdaşlığa çağırmışdı.
Böyük Britaniya parlamentinin üzvü Lord Caner Bakıda ilk yəhudi məktəbinin açılmasında iştirak etdiyini və buna xüsusi önəm verdiyini vurğuladı. Dövlət Komitəsinin Ümumdünya yəhudi təşkilatları ilə gözəl münasibətlər qurmasını xüsusi qiymətləndirən Lord Caner bundan sonra da bu əməkdaşlığın gücləndirilməsinə böyük ehtiyac duyulduğunu qeyd etdi. Qonaq bildirdi ki, bir neçə gündən sonra Cənubi Afrika Respublikasında Ümumdünya Yəhudi Konqresinin növbəti toplantısında iştirak edəcək və bir daha bütün yəhudi təşkilatlarına Azərbaycan diasporu ilə əməkdaşlıq etmək və hər sahədə onlara yardımçı olmaq tapşırığını verəcəkdir.
Görüşdə hər iki tərəf Azərbaycan və yəhudi cəmiyyətlərinin birgə fəaliyyət göstərmələrinin vacibliyini xüsusi vurğulamışdır.