AZƏRBAYCAN XALÇAÇILIQ SƏNƏTİ İLƏ TANIŞLIQ
AZƏRTAC xəbər verir ki, ölkəmizdə səfərdə olan Niderland Krallığı parlamentinin baş katibi xanım Jaklin Bişevel iyulun 9-da “Azərilmə” Məhdud Məsuliyyətli Cəmiyyətində olmuşdur.
Qonağa məlumat verilmişdir ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim sənətlərindən biridir. Qədim səyyahlar, salnaməçilər ölkəmizdə toxunan xalı-xalçanın yüksək keyfiyyəti, zəngin çeşniləri barədə yazılı məlumatlar vermiş, bütün Şərqdə məşhur olduğunu bildirmişlər. Azərbaycanın xalı və xalçaları indi də dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır. 350 nəfərin çalışdığı bu müəssisənin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya, Rusiyada keçirilən sərgilərdə xüsusi mükafat və sertifikatlara layiq görülmüşdür. İpləri boyamaq üçün ancaq təbii rənglərdən istifadə edilir, eskizlər yalnız milli naxış və çeşnilərdən götürülür. İşlədilən bütün xammal yerli məhsullardır.
Niderland Krallığı parlamentinin baş katibi boyama, toxuma prosesini maraqla izləmiş, xalçaçı qızlarla səmimi söhbət etmişdir. Xanım Jaklin Bişevel toxunuşu davam edən xalıya bir neçə ilmə də vurmuşdur.
Sonra qonaq qədim xalçaların nümayiş olunduğu sərgiyə baxmışdır. Burada yaşı yüz ildən çox olan xalılar da nümayiş etdirilir. Sərgi niderlandlı qonaqda böyük maraq oyatmışdır. Xanım Jaklin Bişevel xatirə kitabına yazdığı ürək sözlərində də Azərbaycan xalçalarının gözəlliyinə heyran olduğunu, ölkəmizdə bu qədim el sənətinin belə məhəbbətlə yaşadılmasından məmnun qaldığını, xalça qalereyasından zəngin, unudulmaz təəssürat aldığını bildirmişdir. “Azərbaycan xalçası qalereyası”nda nümayiş etdirilən “Azərbaycanın tarixi xalçaçılıq məktəbləri” ipək xalı-xəritəsi də yüksək bədii tərtibatı ilə qonağı məftun etmişdir.