AZƏRBAYCAN XALQI ÜMUMMİLLİ LİDERİMİZİN VƏFATI İLƏ BAĞLI DƏRİN HÜZN İÇİNDƏDİR
Prezident sarayına aparan yolda insan axınının ardı-arası kəsilmir. Heydər Əliyevin xatirəsini anmaq istəyən on minlərlə insan Sarayın pillələrinə, ümummilli liderimizin qara lentlə haşiyələnmiş portretinin önünə tər çiçəklər düzürlər. Onları qəhər boğur, göz yaşlarını saxlaya bilmirlər. Din xadimləri müqəddəs Qurandan surələr oxuyurlar.
Buraya gələnlərin böyük bir hissəsi gənclərdir. AZƏRTAC-ın müxbirləri ilə söhbətlərində gənclər bildirmişlər ki, onları buraya Azərbaycanın tarixində silinməz iz qoymuş Heydər Əliyevin nadir şəxsiyyətinə hörmət hissi gətirmişdir.
Prezident sarayının qarşısına gələnlərin arasında respublikanın bölgələrinin nümayəndələri də az deyildi. Naxçıvan MR Ordubad rayonunun sakini HACI NOVRUZ BABAYEV söhbətinə
Ölüm çox gec girişir ağlı, fikri dayaza,
Ağıllını tez görür o gözləri kor olmuş,
İşə bax ki, ölüm də yaxşılara vurulmuş.
Bir dahini aparır, dağ çəkərək millətə,
Ölüm də çox çalışır çatmaq üçün şöhrətə.
şeri ilə başlayaraq dedi ki, Heydər Əliyev bizim şöhrət tacımız idi. O, bizim atamız, babamız idi. Allah elə eləsin ki, onun işini, əməllərini İlham Əliyev davam etdirsin, Azərbaycan xalqını gözəl gələcəyə aparsın. İnşallah, belə də olacaqdır.
Allah qoysa, ən ağrılı problemimiz - Qarabağ məsələsi də həll olunacaq. Bundan ötrü xalqın birliyi lazımdır. Yalnız və yalnız birlik.
Allah Heydər Əliyevə qəni-qəni rəhmət eləsin.
MƏNSURƏ NƏCƏFOVA (Qaradağ rayonu): Bizi bura gətirən millət atasına olan məhəbbətimizdir (Göz yaşlarını saxlaya bilmir)... O, öz ölkəsini çox sevirdi, ona böyük məhəbbəti var idi. Heydər Əliyevin vəfatı bizi yaman yandırır. Elə bilirəm ki, atamı, böyüyümü itirmişəm. Allah rəhmət eləsin, bütün millətimizə Tanrıdan səbr diləyirəm.
...İnsan axınının arası isə kəsilmir. Adamlar axşamdan xeyli keçənədək Prezident sarayının qarşısına gəlir, xalqımızın dahi oğluna ehtiramlarını ifadə edirlər.