AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİ HİNDİSTANDA DA QEYD EDİLMİŞDİR
Azərbaycanın Hindistandakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü ilə əlaqədar Hindistanın paytaxtı Nyu Dehli şəhərində yubiley tədbiri keçirilmişdir.
Nyu Dehlidə yerləşən “Hindistan İnsan Məskənləri Mərkəzində (India Habitat Centre)” keçirilən tədbirdə Hindistan Xarici İşlər Nazirliyinin bu ölkədə akkreditə olunmuş bir sıra xarici ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşları, o cümlədən səfirləri, ictimai təşkilatların rəhbərləri və KİV nümayəndələri iştirak etmişlər.
Ölkəmizin Hindistandakı səfiri Tamerlan Qarayev tədbiri açaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən söhbət açmışdır. Səfir ulu öndərin xalqımızın müstəqilliyinin, ölkəmizin suverenliyinin möhkəmləndirilməsi və tərəqqisi naminə xidmətlərindən bəhs etmişdir.
Sonra ulu öndər Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
Səfir T.Qarayev tədbirdə iştirak edən jurnalistlərə müsahibəsində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın müasir tarixində rolu və mövqeyi barədə ətraflı məlumat verərək, onu ölkəmizdə baş verən hazırkı sürətli inkişafın banisi kimi səciyyələndirmişdir.
T.Qarayev Hindistan tarixində Mahatma Qandinin rolu ilə Azərbaycan tarixində Heydər Əliyevin mövqeyinin eyniləşdirilməsi ilə bağlı jurnalistlərin suallarını cavablandıraraq, Heydər Əliyevi həm müasir Azərbaycanın inkişaf yolunu müəyyənləşdirən, həm də onu həyata keçirən bir şəxs kimi səciyyələndirərək, ulu öndərin ölkəmizin tarixində rolunu Hindistanın görkəmli dövlət xadimləri Mahatma Qandi və Cavahirləl Nehrunun öz ölkələrinin tarixində oynadıqları rolun sintezi ilə eyniləşdirilə biləcəyini xüsusi vurğulamışdır.
Heydər Əliyevin Azərbaycan-Hindistan ikitərəfli əlaqələrində rolu ilə bağlı suala cavab olaraq, T.Qarayev ölkələrimiz arasında əməkdaşlığın təməlinin məhz ümummilli liderin Azərbaycanda hakimiyyətdə olduğu dövrdə qoyulduğunu və ölkəmizdə Hindistan səfirliyinin də bu dövrdə açıldığını qeyd etmişdir.
Sonra Rusiyanın Hindistandakı səfiri Vyaçeslav Trubnikov jurnalistlərə ulu öndər Heydər Əliyevlə bağlı xatirələrindən danışmış, onlara ümummilli liderlə tanışlığı və görüşləri barədə geniş müsahibə vermişdir.
Tədbirin sonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illiyi ilə əlaqədar səfirlik tərəfindən Nyu Dehli şəhərində nəşr etdirilmiş xüsusi jurnal və sənədli filmin DVD formatında çoxaldılmış nüsxələri iştirakçılara paylanmışdır.