AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİ İLƏ ƏLAQƏDAR TƏDBİRLƏR KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 8-də Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonundakı Heydər Əliyev Parkında ulu öndərin 85 illik yubileyi münasibətilə mərasim keçirilmişdir.
Mərasim iştirakçıları xalqımızın ümummilli liderinin abidəsi önünə əklil və gül-çiçək qoymuşlar.
Mərasimdə ölkəmizin İstanbuldakı baş konsulu Səyyad Salahlı türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin zəngin həyatı və misilsiz xidmətlərindən danışmışdır.
“Turgas” şirkətinin prezidenti Ərdal Aksoy ulu öndərin əsasını qoyduğu və bütün bölgəyə rifah gətirən neft strategiyasından bəhs etmişdir. Bildirmişdir ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi nəhəng, dünya miqyaslı layihələri yalnız Heydər Əliyev kimi böyük siyasətçi və fenomen şəxsiyyət həyata keçirə bilərdi. Məhz onun misilsiz xidmətləri sayəsində Azərbaycan dünyada iqtisadiyyatı ən dinamik inkişaf edən ölkə olmuşdur.
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver, digər natiqlər də Heydər Əliyevin türk dünyası qarşısında xidmətlərindən ətraflı bəhs etmişlər. Bildirilmişdir ki, türk dünyası iki görkəmli şəxsiyyəti - Heydər Əliyevi və Mustafa Kamal Atatürkü daim minnətdarlıq hissi ilə anacaqdır.
Həmin gün Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin ulu öndər Heydər Əliyev haqqında məqalələrindən ibarət “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” kitabının təqdimatı olmuşdur.
Mayın 9-da isə ARDNŞ-Turgas konsorsiumunun sponsorluğu ilə “Heydər Əliyev kuboku” uğrunda futbol turnirinə start verilmişdir. Türkiyənin müxəlif şəhərlərindən olan tələbələrdən ibarət 16 komanda fəxri mükafata sahib olmaq uğrunda yarışacaqdır.
Turnirin açılışında çıxıç edən Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov və İstanbuldakı baş konsulumuz Səyyad Salahlı komandalara uğurlar arzulamışlar.