AZƏRBAYCAN XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ AVSTRİYADA BİR SIRA SƏMƏRƏLİ GÖRÜŞLƏR KEÇİRMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan xairici işlər nazirinin müavini Mahmud Məmmədquliyev BMT Sənaye İnkişafı Təşkilatı (UNİDO), ATƏT və Avstriyanın rəsmi qurumları ilə görüşlər keçirmək məqsədilə mayın 15-16-da Vyanada işçi səfərdə olmuşdur.
BMT Sənayə İnkişafı Təşkilatının (UNİDO) baş direktoru Kandeh K. Yumkella ilə keçirilən görüşdə təşkilatın Azərbaycanda qeyri-neft sektorunda həyata keçirdiyi layihələrin mövcud durumu, onların sürətləndirilməsi və yüksək səviyyədə tamamlanması barədə fikir mübadiləsi aparılmış, bu layihələrin qeyri-neft sektorunun inkişafına təkan verəcəyi vurğulanmışdır. Həmçinin BMT Sənayə İnkişafı Təşkilatının dünyanın əksər neft-qaz istehsal edən ölkələrində iqtisadiyyatın diversifikasiyası məqsədilə müxtəlif birgə proqramlar həyata keçirməsini nəzərə alaraq, gələcəkdə Azərbaycanla da bu istiqamətdə əməkdaşlıq imkanlarına toxunulmuşdur.
ATƏT-in Vyanada yerləşən katibliyində təşkilatın iqtisadiyyat və ekologiya məsələləri üzrə əlaqələndiricisi Bernard Snoa ilə keçirilən görüşdə iqtisadiyyat və ekologiya sahələrində Azərbaycanda həyata keçirilən layihələr və gələcək fəaliyyət barədə söhbət aparılmışdır. ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti ilə görüşdə gələcək əməkdaşlıq məsələləri və fəaliyyət imkanları müzakirə edilmişdir.
Azərbaycan-Avstriya Qarışıq Komissiyasının Avstriya tərəfindən həmsədri, federal iqtisadiyyat və əmək nazirliyinin xarici iqtisadiyyat əlaqələri üzrə baş direktoru Yohann Zaxs ilə görüşdə ölkələrimiz arasında ticarət dövriyyəsinin ilbəil artması müsbət hal kimi qiymətləndirilmiş, may ayında Qarışıq Komissiyanın Vyanada keçirilmiş beşinci iclasına toxunulmuş, komissiyanın fəaliyyətinin daha da səmərəli təşkil olunması və qəbul etdiyi qərarların həyata keçirilməsi barədə fikir mübadiləsi aparılmışdır.
Avstriya Sənayeçilər Federasiyası və Avstriya İqtisadiyyat Palatasının nümayəndələri ilə keçirilmiş görüşlərdə Avstriya tərəfdən Azərbaycana avstriyalı iş adamlarından ibarət ticarət missiyasının səfərinin təşkil edilməsi və azərbaycanlı tərəfdaşları ilə əlaqə yaradılması niyyəti ifadə olunmuşdur. Qeyd edilmişdir ki, son illərdə Azərbaycanın iqtisadi gücünün artması, Avropanın enerji mənbələrinin diversifikasiyasında Azərbaycanın əhəmiyyətli rolu, Azərbaycanın müxtəlif rəsmi qurum və Avstriyadakı diplomatik missiyasının səmərəli fəaliyyəti son illərdə Avstriya iş adamlarının Azərbaycana marağını xeyli artırmış və indiyədək bir neçə iqtisadi missiya ölkəmizdə səfərdə olmuşdur.
Görüşlərdə Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov iştirak etmişdir.