MƏDƏNİYYƏT
Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının illik ümumi yığıncağı keçirilib
![](/files/galleryphoto/2022/3/1200x630/1665562173243234584_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/3/1200x630/16655621733395744400_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/3/1200x630/16655621734970445004_1200x630.jpeg)
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının illik ümumi yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Federasiyaya üzv olan yaradıcı sahələri təmsil edən assosiasiya və birliklər, kreativ şirkətlərin nümayəndələri və yaradıcı sahələrdə çalışan fərdi sahibkarlar iştirak edib.
Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə Heyətinin sədri Vasif Eyvazzadə ölkəmizdə son illərdə yaradıcı sənayelərin inkişafı istiqamətində görülən işlərdən, bu sahədə dövlət-özəl tərəfdaşlığı ilə gerçəkləşmiş tədbirlər və layihələrdən bəhs edib, eləcə də yaradıcı sənayelərin inkişafı ilə əlaqədar qarşıda dayanan hədəflər və öhdəliklər barədə iştirakçılara məlumat verib. Xüsusi olaraq, yaradıcı sənaye sahələri üzrə aktiv təşkilatlanma proseslərindən bəhs edərək, son illərdə neçə-neçə yeni yaradıcı birliklər və müasir assosiasiyaların yaradıldığını, dövlət qeydiyyatına alındığını diqqətə çatdırıb.
Ardından, Federasiyanın İdarə Heyətinin sədr müavini Telman Məlikzadə Federasiya üçün britaniyalı ekspertlərlə birgə hazırlanmış təşkilati strategiya haqqında məlumat verib və strateji istiqamətlər (təşkilatdaxili, xarici və sektoral) üzrə nəzərdə tutulan fəaliyyətlər haqqında vacib məqamları qeyd edib. O, həmçinin Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədinin yaradıcı sənayelərin inkişafı üzrə müvafiq fəaliyyətlərin icrasında məsul qurumlarla birgə yaradıcı sənaye təmsilçilərinin də aktiv birgə iştirakda rol almasının vacibliyini qeyd edib.
Sonra, Federasiya üzvləri ilə təşkilati məsələlər, yaradıcı sənayelərdə fəaliyyət göstərən təşkilatların fəaliyyətləri, yeni yaranmış təşkilatların üzləşdiyi çətinliklər, eləcə də beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə dair müzakirə aparılıb və ayrı-ayrı sahələrə dair aktual məsələlər ətrafında tövsiyə və təkliflər səsləndirilib.
Sonda, müzakirə predmeti olaraq görüşdə səsləndirilən aktual təklif və tövsiyələr əsasında Federasiya üzvləri tərəfindən müvafiq qurumlara müraciətlərin hazırlanıb göndərilməsi razılaşdırılıb.