SİYASƏT
AZƏRBAYCANA MƏHƏBBƏTLƏ
Bu il Maksim Rılski adına Dövlət mükafatına Azərbaycan yazıçılarının əsərlərinin Ukrayna dilinə tərcüməsinə görə Valentin Sipko layiq görülmüşdür. O, Azərbaycan nağıllarını və atalar sözlərini, Mirzə İbrahimovun, İsmayıl Şıxlının, İlyas Əfəndiyevin, Əkrəm Əylislinin, Yusif Əzimzadənin, Maqsud İbrahimbəyovun və bir çox digər ədiblərimizin əsərlərini ana dilinə böyük məhəbbətlə və məharətlə çevirmişdir.
Valentin Sipko AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki,hələ 1965-1966-cı illərdə Mirzə İbrahimovun dəvəti ilə Azərbaycan Dövlət Universitetində (indiki BDU) Füzulinin dilini öyrənməyə başlamış və o vaxtdan bu dilə məhəbbət bəsləmişdir. O, dövlətimizin başçısı Heydər Əliyev ilə görüşlərindən xüsusi səmimiyyət və ehtiramla danışmışdır. Bildirmişdir ki, ilk görüşü 1979-cu ildə Azərbaycanda Ukrayna mədəniyyəti günləri keçirilərkən Bakıda olmuşdur. Heydər Əliyev bizim qarşımızda təxminən 40 dəqiqə sinədəftər danışmış və bayram konsertindən sonra səhnə arxasına gələrək, Ukrayna nümayəndə heyətinin üzvləri ilə çox xeyirxahcasına, mehribanlıqla söhbət etmişdi. İkinci görüşüm Moskvada Beynəlxalq kitab sərgisi keçirilən günlərə təsadüf edir. O vaxtlar Heydər Əliyev sovet hökumətinin rəhbərlərindən biri idi və sərgidə Ukrayna ekspozisiyası ilə xüsusi maraqla tanış olmuşdu. Ümumiyyətlə, öz təcrübəmə və psixologiyaya əsaslanaraq, vurğulamaq istəyirəm ki, Heydər Əliyev bu gün də təkcə Azərbaycan mədəniyyəti üçün deyil, bütün xalq üçün də çox gərəkli bir insan olaraq qalır. Hətta deyərdim ki, Heydər Əliyev millətin qeyrəti və vicdanıdır!