MƏDƏNİYYƏT
“Azərbaycançılıq. Gerçəyin dərsi” kitabı nəşr olunub
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyi (İB) tərəfindən “Azərbaycançılıq ideyalarının təbliğinə dair yeni araşdırmalar və toplunun nəşri ” adlı layihənin icrası yekunlaşmaq üzrədir.
“Türk Dünyası İnfo” İctimai Birliyindən AZƏRTAC-a bildirilib ki, 4 ay müddətinə həyata keçirilən bu layihə Azərbaycan xalqının və ümumən dünya azərbaycanlılarının taleyində mühüm əhəmiyyət daşıyan azərbaycançılıq ideyalarının xalqımızın şüurunda möhkəm yer tutması, müstəqillik dövründə dövlət ideologiyasına çevrilməsi prosesinin araşdırılması, öyrənilməsi və nəticə etibarilə bir uyğun nəşr vasitəsilə təbliği məsələlərinə həsr olunub. Layihənin əsas məqsədi bugünün və sabahın ən əsas dövlətçilik ideologiyalarından biri olan azərbaycançılığın - xalqımızın həmrəyliyinin, milli-tarixi gələnəklərimizin, dilimizin, milli-mənəvi irsimizin təbliğinə dəstək olmaq, soydaşlarımızın dünyada ictimai-siyasi fəallığını artırmaq yolunda potensial imkanları dəyərləndirmək, onların arasında daha sıx əlaqələr yaratmaq, milli birlik istiqamətində dövlətimizin apardığı ardıcıl və sistemli siyasətə ictimai sferada töhfə verməkdir.
Layihə çərçivəsində publisist-şair Dəyanət Osmanlının “Azərbaycançılıq. Gerçəyin dərsi” adlı kitabı nəşr edilib. Müəllifin müxtəlif illərdə azərbaycançılıq ideyalarına dair yazdığı bir sıra məqalə, müsahibə və açıqlamalarının toplandığı nəşrdə Azərbaycan xalqının formalaşmasında mühüm rolu olan azərbaycançılıq ideyalarının müxtəlif aspektləri, xalqın milli ruhunu, dilini, adət-ənənəsini, vətənpərvərlik duyğularını özündə ehtiva edən məsələlər əks olunub. “Elm və təhsil” nəşriyyatının mətbəəsində nəfis şəkildə, çap olunmuş kitabın məsləhətçisi akademik Nizami Cəfərov, redaktoru filologiya üzrə fəlsəfə doktoru İlahə Abdullayevadır.
Kitabın kitabxanalara, yazarlara və gənclərin daha çox təmsil olunduğu müxtəlif auditoriyalara paylanılması nəzərdə tutulub.